Ermənistan hakimiyyəti Tavuş rayonunun kəndlərinin təhvil verilməsi ilə bağlı Azərbaycanla danışıqlar aparmır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, Ermənistanda heç kimin Tavuş və bölgələrdə kəndlər, ərazilər və torpaq sahələrinin verilməsi ilə bağlı danışıqlar aparmaq hüququ yoxdur.
“Bu, aksiomatik həqiqətdir. Hüquq mexanizmlərinin fəaliyyət göstərdiyi təminatlar var. Ona görə də Tavuşun kəndlərinin təhvil verilməsi ilə bağlı danışıqlar aparmırıq”, - Mirzoyan bildirib.
Baş nazir Paşinyan da son mətbuat konfransında oxşar arqumentlə çıxış edərək, erməni kəndlərinin təhvil verilmədiyini söyləyib. Söhbət Qazax rayonunun hələ də işğalda olan Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı və Aşağı Əskipara kəndlərinin Azərbaycana təhvil verilməsi məsələsi ətrafında formalaşıb. Paşinyan Ermənistanın bu adlarda kəndlərinin olmadığını qeyd edib.
Ermənistan mətbuatına görə, baş nazir bununla sözügedən kəndlərin onlara aid olmadığına, təhvil veriləcəyinə eyham vurub. Paşinyandan sonra iqtisadi inkişaf naziri Qnel Sanosyan da bildirdi ki, Azərbaycanın tələb etdiyi 4 kənd Ermənistanın inzibati ərazisində yerləşmir.