Ermənistan Azərbaycanın 44 günlük müharibə və ondan sonra qənimət kimi götürdüyü silah və texnikaları Rusiyadan alıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

Deputat Prezident İlham Əliyevin Ermənistanın silahlandırılması ilə bağlı açıqlamasına diqqət çəkib və bəzi ölkələrin onları silahlandırdıqlarını etiraf edib:

“Dünənki çıxışında Əliyev Ermənistanın irihəcmli silah və hərbi texnikalarına diqqət çəkdi. Əliyev sual verdi ki, Ermənistan 6 milyard dollarlıq silah-sursat və hərbi texnikanı haradan alıb? Özü də cavab verdi ki, başqa dövlətlərdən.

Əlbəttə, Əliyev 2020-23-cü illərdə ya zədələnmiş, ya da hərbi əməliyyatlar nəticəsində azərbaycanlıların əllərinə keçən texnikaları nəzərdə tutur.

Ermənistanın ümumilikdə nə qədər silah-sursatının olduğuna dair heç bir rəqəm yoxdur və ya elan edilməyib.

Ermənistan 2018-ci ilə qədər müxtəlif razılaşmalar və müqavilələr çərçivəsində iri həcmdə hərbi dəstək alırdı. Bunun da böyük hissəsi Rusiyadan idi, eyni zamanda çoxlu iri hərbi satınalmalar həyata keçirilib. Serj Sərkisyan irihəcmli hərbi təchizatların nə vaxt, kiminlə və hansı şəraitdə həyata keçirildiyini açıqlamadan bir neçə dəfə bu mövzuya eyham vurub”.