Artıq Ermənistan Baş naziri Nikol Paşinyan da bəyan edib: Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı və Aşağı Əskipara kəndləri Azərbaycana təhvil veriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
“Paşinyan son mətbuat konfransında Tavuş vilayətinə bitişik Azərbaycan” kəndlərini sahibinə verməyə hazır olduqlarını təsdiqləyib. Onun sözlərinə görə, bu kəndlər Ermənistan ərazisində yerləşmir, 1992-94-cü illər müharibəsi zamanı Ermənistanın nəzarətinə keçib. Təsadüfi deyil ki, Paşinyan delimitasiya prosesinin də Tavuşdan başlayacağını bəyan edib”, - nəşr yazır.
“Hraparak” 10 noyabr bəyanatının ilkin versiyasında Qazaxın 7 kəndinin Azərbaycana təhvil verilməsi ilə bağlı bəndin olduğunu da xatırladıb:
“İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin mətbuatda dərc olunan 10 noyabr bəyanatının ilk mətnində Ermənistan silahlı qüvvələrinin Qazaxın 7 yaşayış məntəqəsindən də geri çəkilməli olduğu açıq-aydın göstərilmişdi. Həmin bəndə görə, ərazilər 1991-1994-cü illərdə Ermənistan tərəfindən işğal olunub. Söhbət Yuxar Əskipara, Aşağı Əskipara, Bağanıs Ayrım, Barxudarlı, Xeyrimli, Qızılhacılı və Sofulu kəndlərindən gedir. Qısa müddətdən sonra rəsmi olaraq dərc edilən bəyanatın bu maddəsi barədə heç bir söz açılmadı. Amma sonra Nikol Paşinyan Qazax rayonunun kəndlərinin təhvil verilməsini nəzərdə tutan başqa bir sənədi imzaladı.
Bu gün artıq ilkin mərhələdə 4 kəndin – Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli və Qızılhacılının təhvil verilməsindən danışılır. Bundan sonra anklavlar məsələsi (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) gündəmə gələcək.
İlk növbədə Ermənistan silahlı qüvvələri həmin 4 kəndin ərazisindən çıxmalıdır”.