Ermənistan Rusiyada prezident seçkiləri günü KTMT-dən çıxdığını elan edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.
“Son günlər ən çox müzakirə olunan mövzulardan biri Ermənistanın xarici siyasətindəki dəyişiklikdir. Bunun da ilk toxumu sentyabrın 1-də “Zvartnots” aeroportundan Rusiya sərhədçilərin çıxarılması ilə bağlı İrəvandan Moskvaya göndərilən rəsmi məktub oldu. Nikol Paşinyan son mətbuat konfransında bildirdi ki, KTMT-dən çıxmaq və ya qalma şərtlərə bağlıdır. Ötən ilin ortalarından hakimiyyət daxilində məsələ ilə əlaqədar gərgin müzakirələr gedir”, - məlumatda deyilir.
“Past” yazır ki, hakimiyyət daxilində belə bir qərarın mümkün zərərli nəticələri barədə təşviş olsa da, Nikol Paşinyan KTMT-dən çıxmaqda qərarlı və israrlıdır:
“Hakimiyyət daxilindəki müzakirələrdən xəbərdar olan həmsöhbətimiz deyir ki, Rusiyada prezident seçkiləri günü (17 mart) KTMT-dən çıxmağın elan olunması variantı kifayət qədər ciddi müzakirə olunub. Onun sözlərinə görə, Paşinyan canlı yayımda KTMT-dən çıxdığını bəyan edəcəyi təqdirdə (Azərbaycanla) sərhəddə eskalasiya ola bilər. Əldə etdiyimiz məlumata görə, bu variant kifayət qədər ciddi müzakirə olunub. Xüsusən də Qərb KİV-lərinin müvafiq informasiya dəstəyi ilə bunun yenidən seçiləcək Putinə “yaxşı hədiyyə” olacağını nəzərə alan hakimiyyətin qərb qanadı həyəcanlıdır”.
Nəşr Rusiyanın bundan istifadə edərək Ermənistan-Azərbaycan sərhədində təxribata əl atacağını iddia edir.