Delimitasiya və demarkasiyada məqsəd Azərbaycan və Ermənistanın sərhədlərini aydınlaşdırmaqdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın iqtisadi və texnoloji inkişaf naziri Qnel Sanosyan deyib.
“Hər iki tərəf üçün məqbul olan hüquqi xəritə götürülməlidir, bu da proses üçün əsas olacaq”, - nazir bildirib.
Baş nazir Nikol Paşinyanın bəzi yolların Ermənistan ərazisindən keçməsi üçün infrastrukturun yenidən qurulmalı olduğu barədə bəyanatına toxunan Sanosyan söyləyib:
“Həmin ərazilərdə elə yerlər var ki, orada yollar və ya digər infrastrukturlar sərhədə kifayət qədər yaxındır, bəzi yerlərdə isə sərhədi keçmiş ola bilər, bu da bəzi ərazilərdə yenidənqurma məsələsinin ola biləcəyindən xəbər verir”.
O əlavə edib ki, Azərbaycanın tələb etdiyi 4 kənd Ermənistanın inzibati ərazisində yerləşmir. Sanosyan bu baxımdan həmin ərazilərdən keçən yollar və qaz kəmərlərinin marşrutunun dəyişdiriləcəyini də vurğulayıb.
Söhbət Qazaxın Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı və Bağanıs Ayrım kəndlərindən gedir.