Ermənistan müdafiə naziri Suren Papikyan orduya Azərbaycanın mövqelərinə atəş açmamaq əmrinin verilməsi barədə iddiadan danışıb.
Teleqraf.com xəbər verir ki, o, belə bir şeyin olmadığını söyləyib.
Papikyanın sözlərinə görə, Ermənistan silahlı qüvvələrinə atəş açmamaq əmri verilməyib.
Müdafiə naziri silahlı qüvvələrin Qazaxın işğal altında olan 4 kəndindən çıxarılıb-çıxarılmayacağı barədə sualı da cavablandırıb. Əslində, o, suala birbaşa cavab verməkdən yayınıb.
Papikyan sadəcə bunları deməklə kifayətlənib: “Baş nazir dünən bütün sualları cavablandırıb, Ermənistan silahlı qüvvələri qarşılarına qoyulan vəzifələri icra etməyə davam edir”.
Söhbət Qazaxın Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı və Bağanıs Ayrım kəndlərindən gedir.