Keçmiş separatçı rejimin “deputat”larının Ermənistandan çıxışlarına qadağa qoyulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.
“Deputat”ların Ermənistan sərhədini keçməsinə icazə verilmir. Artıq Qeqam Stepanyan belə bir halla üzləşib, o, “Zvartnots” hava limanından geri göndərilib. Stepanyana Ermənistan sərhədini keçmək qadağan edilib. Məlumata görə, konkret səbəb cinayət işi ilə bağlıdır”, - nəşr yazır.
“Joqovurd” bildirir ki, “deputat”lar bir-bir sorğu-sual üçün Ermənistan İstintaq Komitəsinə dəvət olunurlar. Ermənistan hüquq-mühafizə orqanları onlardan Qarabağda baş verən son hadisələr, xüsusən də keçmiş separatçı rejimin başçısı Araik Arutyunyanın “istefa”sının səbəblərini soruşurlar.
Artıq bir neçə nəfər, xüsusən də vaxtilə Araikin yaxın ətrafında olanlar dindirilib.