Azərbaycanın tələb etdiyi kəndlər ya danışıqlar yolu ilə qaytarılmalıdır, ya da ordumuz həmin ərazilərə daxil olacaq.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Ermənistan Baş naziri Nikol Paşinyan son mətbuat konfransında Azərbaycanın tələb etdiyi kəndlərlə bağlı bir-birinə zidd açıqlamalar verib. Bir açıqlamasında Ermənistan ərazisində Azərbaycanın tələb etdiyi kəndlərin mövcud olmadığını, digərində isə etirafa bənzər cümlə işlədib ki, bir sıra kommunikasiya xətlərinin yerini dəyişmək lazımdır. Bu o deməkdir ki, həmin kommunikasiya xətləri bizim tələb etdiyimiz kəndlərə yaxın ərazirlərdən keçir ki, Paşinyan onların yerinin dəyişdirilməsi zərurətini bildirib”, - ekspert bildirib.
Elxan Şahinoğlu qeyd edib ki, Paşinyan bu dəfə “Azərbaycan da 31 kəndimizi geri qaytarsın” kimi absurd iddia səsləndirməyib:
“Bu nağıla heç Ermənistanın özündə də inanmırlar. Paşinyan “31 kənd məsələsi”ni Azərbaycan kəndlərini geri qaytarmamaq üçün ortaya atmışdı.
Paşinyan Azərbaycanda 4 kəndlə bağlı qərar verildiyinin fərqindədir. Həmin kəndlər ya danışıqlar yolu ilə qaytarılmalıdır, ya da danışıqlar nəticə verməsə və məsələ uzanmağa doğru getsə, ordumuz ermənilərin yaşamadığı həmin kəndlərə daxil olacaq. Başqa alternativ yoxdur.
Erməni cəmiyyətini Rusiya hərbçilərinin “Zvartnots” hava limanını boşaldacağı və ölkəsinin KTMT-ni tərk edəcəyinə hazırlayan Paşinyan 4 kəndin Azərbaycanın nəzarətinə keçəcəyinə də hazırlamağa başlasa, özü və ölkəsi üçün faydalı olar”.