Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə dövlət katibi Ceyms Hippi bəyan edib ki, London Rusiyadan cavab təhdidləri olacağı təqdirdə Ermənistana dəstək olmaq üçün Avro-Atlantik müttəfiqləri ilə işləyəcək. Hippi bunu Britaniya parlamentarilərinin ondan Ermənistanın KTMT-dən çıxması halında Britaniyanın müdafiə sənayesinin öz imkanlarını necə qiymətləndirəcəyini soruşduqda deyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Hippi Ermənistanın KTMT-dəki üzvlüyünün dondurulmasının qurumdan rəsmi çıxmaq demək olmadığını qeyd edərək, Rusiyanın cavab hədələri olacağı təqdirdə NATO müttəfiqləri ilə Ermənistanı dəstəkləməkdən danışıb.
“Britaniyanın Silahlı Qüvvələr naziri çıxışında açıq-aşkar eyham vurur ki, Ermənistanın KTMT-dən çıxması ilə bağlı qərar var. Bu, hələlik üzvlüyün dondurulması ilə yekunlaşır. Britaniya kəşfiyyatının rəhbəri Mur Paşinyan və onun hökumətinin digər nümayəndələri ilə təsadüfən görüşmür. Əmrlər verir, indi britaniyalılar həmin əmrlərin tam icrasını gözləyirlər. Paşinyan da hər vəchlə bu işin üstündə olduğunu göstərməyə çalışır.
Artıq görülən və elan edilənlərdən sonra, bəlkə də bir addım qalıb: Nikol Paşinyanın Moskva ilə bütün münasibətləri kəsdiyini rəsmən elan etməsi. Belə olan halda Hippi söz verir ki, Rusiyadan cavab təhdidləri olacağı təqdirdə NATO müttəfiqləri ilə birlikdə Ermənistanı dəstəkləyəcək”, - nəşr qeyd edir.
“Past” hesab edir ki, Britaniyanın əsas hədəfi Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqdır. Nəşr bölgədə Britaniyanın əsas müttəfiqlərinin Azərbaycan və Türkiyə olduğunu da iddia edir.