Baş nazir Nikol Paşinyan 86.6 min kvadratkilometr ərazidə Azərbaycanın ərazi bütövlüyünü tanıyanda Bakının tələb etdiyi kəndlərin də bura daxil olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, bunu erməni deputat Kristin Vardanyan deyib.
Siyasətçi söhbətin Qazaxın Yuxarı Əskipara, Aşağı Əskipara, Qızıl Hacılı, Bağanıs Ayrım, Barxudarlı, Xeyrimli Sofulu və Naxçıvanın Kərki kəndlərindən getdiyini bildirib.
Vardanyanın sözlərinə görə, əvvəl Ermənistanda heç kim bu kəndlərin təhvil veriləcəyinə inanmırdısa, indi bundan necə yayınmaq haqda düşünməyə başlayıblar.
“Tavuş sakinləri buna mane olmaq üçün səngərlər qazmağı düşünürlər”, - deputat bildirib.
Vardanyan iddia edir ki, Qazaxın kəndləri təhvil verilsə, Ermənistanın “ən təchiz olunmuş cəbhə xətti” darmadağın olacaq.
Vardanyanın fikrincə, Qazaxın 4 kənd təhvil veriləcəyi təqdirdə İrəvan-Tiflis dövlətlərarası yolunun 5 nöqtəsində Azərbaycan qoşunları yerləşdiriləcək:
“Yəni azərbaycanlılar Ermənistanla Gürcüstanı birləşdirən yollarda oturacaqlar”.
Əlavə olaraq, deputat Azərbaycanın 3 anklavına - Yuxarı Əskipara, Barxudarlı və Sofuluya çıxmaq üçün Ermənistandan yol da tələb edəcəyini vurğulayıb:
“Ermənistana gələn qaz kəməri Yuxarı Əskiparadan keçir”.
Vardanyanın qaldırdığı “məsələlər”ə gəlincə, bu, Azərbaycanın problemi deyil. Ermənistan həmin ərazilərimizi məhz “özününkü” hesab etdiyi üçün bu xətləri oradan keçirib. İndi ortada anlaşma var, ərazilər qaytarılmalıdır, bu, ən yüksək səviyyədə bəyan edilib. Ermənistan parlamentinin üzvünün açıqlaması isə bədnam qonşularımızın hələ də Azərbaycana qarşı separatçı iddialarından əl çəkmədiklərini göstərir.