Qazaxın kəndlərinin Azərbaycana qaytarılacağı gün çox da uzaqda deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
“Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatları ilə iclasda Azərbaycanın təhvil verilməsini tələb etdiyi 4 kənd barədə danışıb. Yeri gəlmişkən, Münxendə də həmin məsələ ilə bağlı müzakirələr aparılıb. Paşinyan komanda yoldaşları ilə danışarkən vurğulayıb ki, söhbət Tavuş istiqamətindəki kəndlərdən gedir. Yəni söhbətin hansı 4 kənddən getdiyi məlumdur: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı”, - məlumatda deyilir.
Nəşr Ermənistanın keçmiş baş naziri Qrant Baqratyanın açıqlamasına da diqqət çəkib:
“Baqratyanın məlumatına görə, azərbaycanlılar artıq adıçəkilən kəndlərdə ölçü aparıblar, hökumət də bunu təkzib etməyib. Gedişat göstərir ki, bu reallıq heç də uzaqda deyil”.
Tavuş qubernatoru Hayk Qalumyan da bölgədə Azərbaycan kəndlərinin olduğunu deyib.
“O ki qaldı niyə Paşinyanın daha əvvəl açıqladığı kimi 8 yox, 4 kənddən danışdığımıza, hökumətdəki mənbələrimizə görə, adıçəkilən 4 kəndin coğrafi mövqeyi elədir ki, onların təhvil verilməsi digərləri (anklavlar) kimi bizim üçün problem olmayacaq. Məsələn, Kərki kimi”, - nəşr bildirib.
Söhbət Naxçıvanın 1 (Kərki), Qazaxın 3 anklavından (Sofulu, Barxudarlı və Yuxarı Əskipara) gedir.
“Hraparak” Azərbaycanın ana hissəsinə bitişik 4 kəndin qaytarılmasından sonra anklavlar məsələsinin də növbəti mərhələlərdən birində həll olunacağını istisna etməyib.