Ermənistan sülh və sərhədin delimitasiyası prosesini pozur.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Azərbaycan müharibədə maraqlı deyil. Amma bəzi Qərb dövlətləri Azərbaycanla Ermənistanı toqquşdurmağa çalışırlar. Fransanın başında dayandığı bu mərkəzlər bununla Azərbaycana qarşı sanksiyaların tətbiqinə nail olmağa çalışırlar. Əslində, Azərbaycan bəhanədir, məqsədləri bölgəyə girmək, Rusiyanı sıxışdırıb çıxarmaq və yaranan boşluğu doldurmaqdır. Sadəcə bunu açıq bəyan edib Rusiya ilə üz-üzə gəlmək istəmirlər, onsuz da Ukraynada ruslarla savaş içindədirlər. Bakı baş verənləri bilir, onların işinə yarayacaq təxribata getməyəcək, amma Azərbaycana qarşı mümkün təxribatlara da dözməyəcək”, - ekspert bildirib.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan Ermənistanla sülh danışıqlarinda maraqlıdır:
“Sərhədin delimitasiya və demarkasiyasına gəlincə, sülh prosesini pozan Ermənistan burada da öz şərtlərini irəli sürərək məsələləri çıxmaza sürükləyir. Ermənistan Azərbaycana qarşı yeni iddialar irəli sürür. Məsələn, Nikol Paşinyanın gündəmə gətirdiyi “31 kənd məsələsi” bunlardan biridir. Azərbaycanda Ermənistana verəcək ərazi yoxdur, əksinə, Ermənistanın bizə verəcəkləri var.
Ermənistan açıq təxribatla məşğuldur. Amma buna baxmayaraq, erməni ordusu güclü Azərbaycan Silahlı Qüvvələri ilə üz-üzə gəlmək iqtidarında deyil. İrəvanı "ruhlandıran" Qərbdən gələn vədlərdir. Amma İrəvanda unutmasınlar ki, döyüş meydanında vədlər vuruşmur. Məsələn, həmin Qərb artıq Rusiya ilə təkbətək qoyduğu Ukraynaya heç vəd də vermir, nəinki silah. Seçim Ermənistanındır, biz sülhə də hazırıq, müharibəyə də”.