Payızda Ermənistanla Rusiya arasında münasibətlər kəskin şəkildə pisləşdi. Ermənistan Qarabağla bağlı baş verənlərə görə Moskvanı günahlandırır. Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya sülhməramlıları öz funksiyalarını yerinə yetirməyiblər. Moskva dəfələrlə vurğulayıb ki, hərbi qulluqçular öz mandatları çərçivəsində mümkün olan hər şeyi ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzeti yazır.

Nəşr bildirir ki, Paşinyan KTMT-ni də fəaliyyətsizlikdə ittiham edib:

“Onun sözlərinə görə, təşkilat Azərbaycanın Ermənistan ərazisinə endirdiyi zərbələrə heç bir reaksiya verməyib. Eyni zamanda, İrəvanın təşkilatdan çıxa biləcəyinə eyham vurub. Paşinyan söyləyib ki, məsləhətləşmələr aparılır, bundan sonra nəticə çıxarmaq məqamı gələcək.

Üçüncü vacib məqam nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlıdır. 2020-ci ilin noyabrındakı üçtərəfli bəyanatda göstərilir ki, Ermənistan öz ərazisindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında keçid verməyə razıdır, bu yola da Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) nəzarət edəcək. İndi isə Paşinyan bildirir ki, Rusiya qüvvələri Ermənistan ərazisinə nəzarət etməməlidir: “Heç yerdə yazılmayıb və ya təklif edilməyib ki, başqa kimsə Ermənistan ərazisində təhlükəsizliyi təmin etməlidir”.

“İzvestiya” vurğulayır ki, münasibətlərin gərginləşməsinin bir səbəbi də İrəvanın Qərb ölkələri ilə yaxınlaşmasıdır:

“Paşinyan Avropa Parlamentində çıxış edərək ölkəsinin Avropa İttifaqının mümkün hesab etdiyi qədər birliyə yaxınlaşmağa hazır olduğunu deyib. Xüsusən də İrəvanla Fransa arasında münasibətlər sıxlaşıb, Paris hava hücumundan müdafiə radarları və zenit-raket sistemləri də daxil olmaqla silah tədarükünə razılıq verib.

Nəhayət, erməni tərəfi Ukrayna rəhbərliyi ilə yaxınlaşmağa başlayıb. Məsələn, Nikol Paşinyan İspaniyanın Qranada şəhərində Vladimir Zelenski ilə görüşüb, Dublində isə iki ölkənin parlamentlərinin spikerləri danışıqlar aparıb. Maltada Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak arasında söhbət olub. Dekabrda Ermənistanın diasporla iş üzrə komissarı Zare Sinanyan Ukraynaya səkkiz günlük səfər edib.

Moskva rəsmiləri İrəvanın davranışına təmkinlə reaksiya verir. Vladimir Putin bildirib ki, Ermənistan hələ də Rusiyanın müttəfiqi olaraq qalır, onun MDB, Avrasiya İqtisadi Birliyi və ya KTMT-dən çıxsacağına inanmır. Rusiyanın diplomatik dairələrində danışırlar ki, Paşinyan Zelenskinin yolunu gedir.

“Moldovanı “ikinci Ukrayna” hesab etsək, Ermənistanı üçüncüsünə çevirməyə çalışırlar”, - rəsmi şəxs bizimlə söhbətində deyib”.

Politoloq Nikolay Silayevin fikrincə, Ermənistan son aylarda Rusiya ilə münasibətləri kəskin şəkildə korlayır.

Siyasi ekspert Vadim Muxanov iddia edir ki, münasibətlərdə çətinliklər var, amma baş verənləri şişirtmək olmaz:

“Bəli, bəyanatlar olduqca sərtdir, amma bunlar qərar və hərəkətlərə çevrilməyib. Ermənistan hələ də Avrasiya İqtisadi Birliyi, KTMT və MDB-nin üzvüdür, Rusiya hərbi bazası Cənubi Qafqaz respublikasının təhlükəsizliyini təmin edir və ikitərəfli sazişlər fəaliyyətdədir. Bəli, İrəvanın çoxvektorlu siyasətə keçmək cəhdini görə bilərik. Amma əsas məsələ dəyişmir - Rusiya və Ermənistan müttəfiq olaraq qalır. Paşinyanın səfəri bu faktı vurğulayır”.