SUMQAYIT, 30 mart. TELEQRAF
Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turniri çərçivəsində sonuncu - ikinci oyununu keçirib.
Teleqraf xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Syerra Leone yığmasını qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə bitdiyi üçün penaltilər seriyasına ehtiyac duyulub.
Hesabı 28-ci dəqiqədə rəqibin futbolçusu Daniel Kanu açıb. Millimizin müdafiəçisi Rahil Məmmədov 72-ci dəqiqədə hesabı bərabərləşdirib.
Oyunun penaltilər hissəsində daha dəqiq olan Azərbaycan yığması qələbə qazanıb - 9:8.
Bununla da yığma komandamız “FIFA Series-2026” turnirinin qalibi olub.
Qeyd edək ki, Azərbaycan millisi ilk oyununda Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.