BAKI, 17 fevral. TELEQRAF

İngiltərənin "Nyukasl" klubunun üç futbolçusu UEFA Çempionlar Liqasında "Qarabağ"la keçiriləcək oyun öncəsi sarı vərəqə limitinə görə cəzalanmaq təhlükəsi ilə üz-üzədir.

Teleqraf xəbər verir ki, UEFA qaydalarına əsasən, turnirdə üç sarı vərəqə alan futbolçu növbəti matçı buraxmalı olur və bu limit yalnız dörddəbir final mərhələsindən sonra sıfırlanır.

Hazırda "Nyukasl"ın heyətində Joelinton, Malik Tşau və Den Bern aktivlərində iki sarı vərəqə olduğu üçün "Qarabağ"la Bakıda baş tutacaq görüşdə xəbərdarlıq alacaqları təqdirdə cəzalı duruma düşəcəklər. Belə olan halda isə cəzalanan oyunçu İngiltərədəki cavab matçını buraxacaq. Limit təhlükəsində olan Joelinton qasıq nahiyəsindən zədəli olduğu üçün "Qarabağ"la oyunda iştirakı sual altındadır.

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" oyunu fevralın 18-də keçiriləcək. Komandalar arasında cavab oyunu isə fevralın 24-də İngiltərədə baş tutacaq.