BAKI, 16 fevral. TELEQRAF

"Qarabağ" və "Nyukasl" komandaları arasında Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun baş hakimi olacaq Espen Eskas daha əvvəl Azərbaycan millisinin matçını da idarə edib.

Teleqraf xəbər verir ki, norveçli referi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - İrlandiya oyununun baş hakimi olub.

Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Eskas bu matçda cəmi bir dəfə rəsmi xəbərdarlıq etmək məcburiyyətində qalıb. O, 88-ci dəqiqədə İrlandiya seçməsinin futbolçusu Con İqanı sarı vərəqə ilə cəzalandırıb.

Espen Eskas həmçinin 2018-ci ildə UEFA Millətlər Liqası çərçivəsində millimizin BOS-da Kosovo yığması ilə baş tutan görüşündə köməkçi hakim olub. Həmin qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Maraqlıdır ki, sözügən matçda millimizin baş məşqçisi Qurban Qurbanov idi.

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" oyunu fevralın 18-də keçiriləcək. Komandalar arasında cavab oyunu isə fevralın 24-də İngiltərədə baş tutacaq.