YEVLAX, 16 fevral. TELEQRAF

“Qarabağ”la oyunun təxirə salınması çox da yaxşı hal deyil. Əslində, bu, bizim üçün problem olacaq. Çünki “Qarabağ”la matçımızı hansısa həftədə iki oyunun arasına salacaqlar və biz bir həftə ərzində üç görüş keçirəcəyik. Həftələrdir yaxşı hazırlıq keçmişdik. Belə bir vəziyyət yarandı. Təxirəsalma tempimizi qoruyub saxlamaq baxımından bizə çətinlik yaradacaq. Amma artıq belə hal yaranıb. Bir söz deyə bilmərik, məcburuq ki, buna dözək, hazırlıq planımızı dəyişək və gələcək oyunları fikirləşək”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Neftçi”nin kapitanı Emin Mahmudov deyib.

34 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XX turunda səfərdə “Kəpəz”i 3:1 hesabı ilə məğlub etdikləri oyun barədə də danışıb: “Ardıcıl qələbələr qazanmağımız bizim üçün çox yaxşı oldu. Artıq demək olar ki, komandada yüksəliş var. Kollektiv psixoloji cəhətdən də çox yaxşı durumdadır. Çünki uzun müddətdir belə ardıcıl qələbələrimiz olmamışdı. Çalışırıq ki, komanda kimi bir olaq. Yaxşı kollektivimiz var. İşləməyə davam edirik. Baş məşqçinin tapşırıqlarını maksimum dərəcədə yerinə yetiririk”.

Mahmudov baş məşqçi Yuri Vernidubun gəlişindən sonra 6 oyunluq məğlubiyyətsizlik seriyasını belə şərh edib: “Hər şeyin tam dəyişdiyini desək, əvvəlki baş məşqçilərimizə hörmətsizlik olar. Sadəcə, indi başqa tələblər var, fərqli futbol oynamaq istəyirik. Bunlar artıq daha yaxşı alınır. Hamı baş məşqçinin istədiklərini yerinə yetirməyə çalışır və bu da nəticə verir. Davamlı olmasını arzulayırıq. Biz hələ heç nəyə nail olmamışıq. İndi topa az nəzarət edir, daha aqressiv oynayırıq. Çalışırıq ki, hücum futbolu sərgiləyək. Aqressiv və hücumameylli olmağa üstünlük veririk”.

Qeyd edək ki, “Neftçi” hazırda 30 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alır.