BAKI, 11 fevral. TELEQRAF

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XIX turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

"Sabah" klubu "Araz-Naxçıvan"la oyunda Əsasnamənin tələblərini pozduğuna (9-cu maddə, 4-cü bənd) görə 1000 manat məbləğində cərimələnib. Eyni matçda Muxtar Respublika təmsilçisi meydançaya gec çıxdığı üçün 3000 manat, 4 futbolçusu sarı vərəqə aldığına görə isə əlavə 700 manat cərimə olunub.

"Zirə" komandası "Sumqayıt"la səfər oyununda 5 və 25 nömrəli futbolçularının idman şortundakı oyun nömrələri düzgün olmadığına görə 1500 manat maliyyə sanksiyasına məruz qalıb.

"Qarabağ" klubu "Şamaxı" ilə səfər görüşündə 4 futbolçusunun sarı vərəqə almasına görə 700 manat cərimə ödəməli olacaq. Ağdam təmsilçisi həmçinin azarkeşləri tərəfindən sındırılmış 25 ədəd oturacağa görə Şamaxı şəhər stadionuna dəymiş zərəri qarşılamalıdır.

"Neftçi"nin futbolçusu Elvin Bədəlov "Qəbələ" ilə matçın 90+1-ci dəqiqəsində birbaşa qırmızı vərəqə aldığı üçün klub 500 manat cərimə edilib. Futbolçunun özü isə növbəti bir oyunu buraxmaqla cəzalandırılıb.