BAKI, 23 yanvar. TELEQRAF

“Birinci hissə bizim üçün elə də uğurlu olmadı”

Teleqraf xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının XVII turunda “Zirə”ilə qolsuz bərabərlklə bitən qarşılaşmadan sonra mətbuat konfranaında deyib.

Ukraynalı mütəxəssis 1 xal qazandıqları qarşılaşmanı belə şərh edib:
“Birinci hissə o qədər də uğurlu olmadı. Toplanışda yoxlama oyunları keçirdik. Bilirik ki, o matçlar o qədər də vacib deyil. Burada isə tələblər çətindir. Çünki hər matçda xal qazanmalıyıq. Bu gün olduğumuz yerdən xeyli yuxarıya qalxmaq istəyirik. Ola bilər ki, əsəbi olmaq, psixoloji durum onlara imkan vermədi ki, istədiyimiz kimi oyun sərgiləyək. Bundan çox məyus olmuşam. İkinci hissədə bəzi dəyişikliklər etdik. Əgər bizdə birinci hissədə iki dayaq yarımmüdafiəçisi var idisə, ikinci hissədə dəyişiklik etdik. Metyu İfeanyini saxladıq, Freddi Varqas və Emin Mahmudov onun qarşısında idi. Birinci hissədə fərq ondan ibarət idi ki, cinahdakı hücumçular arasında məsafə böyük idi. Özüm də görürdüm ki, oyunçularım nəticədən məyus olublar. Hələ qarşıda görəcəyimiz iş çoxdur, 16 oyunumuz var. Nəticələr qazanmaq üçün öz üzərimizdə daha çox işləyəcəyik. Bizdə elə tələb var ki, əgər müdafiəçilərimiz topu qəbul edirlərsə, topla da hərəkət etməlidirlər. Məsafə baxımından önəmlidir. Biri var dayandığı yerdən ötürmə etmək, biri də var topla hərəkət edib, daha irəlidə etmək. Bütün dünya indi belə oynayır”.

Baş məşqçi qış toplanışından söz açıb: “Toplanış toplanışdır. Biz həmin vaxt futbolçularla tanış olurduq. Sonuncu oyunda isə bugünkü heyət oynamışdı. Ona görə də həmin heyəti seçmək qərarı verdik. Nəzərə alaq ki, 22 futboçu var, hamısı oynamaq istəyir. Əlimdən gələni edəcəm ki, hamısı oynasın. Qapıçı məşqçimiz "Beşiktaş"da işləyib. Ona tam etibar edirəm. Toplanışda gördüm ki, o oyunçularla necə işləyir. Vaxt gələcək Rza Cəfərov da, Emil Balayev də oynayacaq. Baş məşqçi kimi bu gün seçimim Piriç idi. Qol buraxmadığı üçün demək olar, doğru seçim idi. Nəticə fərqli olsaydı, digər oyunçulara da şərait yaratmaq haqda düşünərdim. 22 nəfər futbolçu var, toplanışda da gördüz ki, hamısı oynamaq istəyir. Pis oyun göstərmədilər. Həmin vaxt təzyiq də az idi. Amma gözəl oynadılar. Fərq etmir, hər mövqedə 2 oyunçum var. Biri digərindən bir az güclü, bir az zəif ola bilər. Amma bu önəmli fakt deyil. Bəziləri var ki, sürətdə yaxşıdır, bəziləri topu almaqda yaxşıdır. Buradakı olan heyət "Krivbass"dan daha güclüdür. Amma onların başqa üstünlüyü var idi. Onlar qələbədən baqa heç nə istəmirdilər. Nəticədə onu göstərdi ki, bürünc medal qazandılar. Ümid edirəm ki, bizim oyunçular da belə olacaqlar. Nəticə əldə etmək üçün ac olsunlar. İstəyərdik ki, ən yuxarıda olaq. Amma ən azından başlanğıc üçün hansısa nəticə göstərməlidirlər. Necə olacağını zaman göstərəcək”.

Vernidub "Neftçi"nin qarşıda yaxşı nəticələrə inamı olub-olmaması barədə suala belə cavab verib:” İnanmasaydım, burada olmazdım. Həyatda ən önəmlisi nəyəsə inanmaq və arzu etməkdir. Bunlar olmasa, həyatın nə mənası olar?”