BAKI, 19 yanvar. TELEQRAF
Uelsdə “Trearddur Bey” klubunun oyunçusu Tom Teylor “Portmadoq”la qarşılaşmada rəqib komandanın futbolçusuna qarşı aqressiv hərəkətə yol verdiyi üçün həbs olunub.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, rəqib komanda penalti zərbəsinə hazırlaşdığı anda Teylor yanında dayanan oyunçunun üzünə dirsəklə qəfil zərbə endirib.
Hadisənin videogörüntüləri qısa zamanda milyonlarla baxış toplayaraq hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Uels polisi insidentlə bağlı araşdırmalara başlayıb və futbolçunu hücum şübhəsi ilə saxlayıb.
“Trearddur Bey” klubu baş vermiş hadisə ilə bağlı bəyanat yayaraq Tom Teylorla əməkdaşlığa xitam verildiyini elan edib. Klub rəhbərliyi zorakılığın heç bir formasını qəbul etmədiklərini və bu cür halların idman etikasına zidd olduğunu vurğulayıb.