BAKI, 10 dekabr. TELEQRAF

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunlarında yaşananlara görə klubları cərimələyib.

Teleqraf xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

"İmişli" - "Sabah" oyununda meydan sahibləri 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat, qonaq komanda isə azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə 5000 manat məbləğində cəzalanıb.

"Qarabağ" - "Karvan-Yevlax" matçında qonaqlar 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.

"Difai" - "Sumqayıt" görüşündə Ağsu təmsilçisinin kapitanı Roman Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun, klubu isə 150 manat məbləğində cərimələnib.

"Araz-Naxçıvan" - "Kəpəz" oyununda gəncəlilər 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

"Sumqayıt" komandası həmçinin Azərbaycan Premyer Liqasının XIV turunda "İmişli" ilə oyunda məşqçisi Veliçko Kaplanoviç matçın bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1000 manat ziyana düşüb. Mütəxəssisə isə bir oyunluq cəza kəsilib.

Eyni görüşdə İmişli təmsilçisi 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat məbləğində cəzalanıb.