BAKI, 19 avqust. TELEQRAF
“Hər iki komanda öz liqasında dominant və keyfiyyətlidir. Ona görə də oyun çox maraqlı olacaq”.
Bu sözləri Teleqraf-a açıqlamasında “Neftçi”də çıxış etmiş macar futbolçu Mark Tamaş UEFA Çempionlar Liqasının play-off mərhələsində baş tutacaq “Ferentsvaroş” - “Qarabağ” oyunundan danışarkən deyib.
32 yaşlı futbolçu görüşün dinamik keçəcəyini qeyd edib, imkanları bərabər qiymətləndirib: “Şansları 50-50-yə hesab etmək olar, hər şey kiçik detallardan asılı olacaq. Oyunu evdən televizorda izləyəcəyəm. Qarşılaşma mənim üçün çox maraqlıdır”.
Macarıstanlı futbolçu Ağdam təmsilçisinin bəzi çətinliklərlə üzləşə biləcəyini vurğulayıb:
“Macarıstan çempionatı daha rəqabətlidir. “Qarabağ” həm də “Ferentsvaroş” azarkeşləri ilə üz-üzə gələcək ki, bu da asan olmayacaq. Atmosfer həmişə möhtəşəmdir, səfər komandası üçün oynamağı çətinləşdirir”.
Qeyd edək ki, Mark Tamaş 2023-cü ilin yayından 2025-ci ilin yanvarına qədər “Neftçi”nin formasını geyib.
Bu gün keçiriləcək "Ferentsvaroş"-"Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.