BAKI, 6 avqust. TELEQRAF

Futbol üzrə Rusiya milli komandası Qətər yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFİ) rəsmi saytı məlumat yayıb.

Görüş sentyabrın 7-də Ər-Rayyan şəhərində yerləşən “Al-Sadd” stadionunda baş tutacaq.

Qətər millisi FIFA reytinqində 53-cü pillədə qərarlaşıb. Komandaya 2025-ci ilin yazından ispaniyalı mütəxəssis Xulen Lopeteqi rəhbərlik edir.

Rusiya və Qətər milli komandaları indiyədək dörd dəfə yoldaşlıq oyununda qarşılaşıblar. Sonuncu dəfə 2023-cü ilin sentyabrında keçirilən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Rusiya Ukraynaya hərbi təcavüz etdiyi üçün FIFA və UEFA bayraqları altında təşkil olunan bütün turnirlərdən kənarlaşdırılıb.