LERİK, 31 dekabr. TELEQRAF
Baş Dövlət Yol Polisi İdarəsi Lerikdə baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
İdarədən Teleqraf-a verilən xəbərə görə, bu gün, saat 08:40 radələrində Lənkəran-Lerik avtomobil yolunun 53-cü kilometrində Lerik rayonu, Kələxan kənd sakini Pərvaz Məmmədovun idarə etdiyi “Mercedes Vito” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində P.Məmmədovun həmkəndliləri olan 6 nəfər sərnişinindən 2-si xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Sürücünün sükan arxasında yuxuladığı ehtimal olunan sözügedən yol qəzası bir daha deməyə əsas verir ki, yorğun, yuxusuz halda sükan arxasına əyləşmək həyat və sağlamlıq üçün hər zaman ciddi təhdiddir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları hərəkət zamanı istirahət rejiminə ciddi əməl etməyə, bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün verilən tövsiyələrə əməl etməyə çağırır.
***
13:47
TƏBİB Lerikdə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, 31.12.2025-ci il tarixində saat 10:15 radələrində Lerik rayonu ərazisində baş verən qəza nəticəsində xəsarət alan 7 nəfər (1-i qadın, 6-sı kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Məlumata görə, xəsarət alan şəxslərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda pasiyentlərin müalicəsi davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
***
13:08
Lerikdə yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, qəza zamanı 1985-ci il təvəllüdlü Hakim Mirziyə, 2006-cı il təvəllüdlü Kənan Salmanov, 2000-ci il təvəllüdlü Mehman Balazadə, 1998-ci il təvəllüdlü Sərxan Ağazadə, 1998-ci il təvəllüdlü Səma Ağazadə, 1965-ci il təvəllüdlü Fərhad Salman və 1990-cı il təvəllüdlü Pərviz Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanların hamısı Lerik rayon sakinləridir.
***
11:58
Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, qəza səhər saatlarında qeydə alınıb.
Lerik istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobus idarəetməni itirərək dərəyə aşıb.
Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisədə xəsarət almış 6 nəfər kişi cinsli şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
İlkin məlumata görə, onlar Bakıdan Lerikə gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.
