BAKI, 19 noyabr. TELEQRAF
Elm və Təhsil Nazirliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalına (SAF 2025) start verilib.
Festivalda 22 ölkədən 1400-dən çox finalçı iştirak edir və onların 202-si 19 xarici ölkəni təmsil edir.
STEAM elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrasiya olunmuş tədris modelidir və festival boyunca nümayiş olunan layihələr bu yanaşmanın real nəticəsini göstərir. STEAM - 5 əsas sahənin birgə tədrisidir. Belə ki, STEAM əsaslı tədris modeli elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.
Bakı Ekspo Mərkəzində keçirilən festivala addım atdığınız andan sizi hər tərəf robotlar, süni intellekt nümunələri, dronlar, mini peyklər, avtomatlaşdırılmış qurğular və innovativ layihələrlə zəngin mühit qarşılayır. Yarışan komandalar öz layihələrini təqdim edir, ziyarətçilər isə maraqla izləyirlər.
Teleqraf İnformasiya Agentliyinin əməkdaşları festivaldan reportaj hazırlayıb.

Xırdalan şəhəri Bəxtiyar Cəfərov adına 3 saylı məktəb-liseyin 9-cu sinif şagirdi Şahin Alikərəmov hazırladığı Tesla X tipli dronla yarışır:
“Bu dronu altı qanadlı hazırlamışam. Altı qanad dronu daha stabil edir və ağır yük qaldıra bilir. Mənfi cəhəti odur ki, batareya tez tükənir. Layihəni əvvəlcə tək hazırlamışdım, sonra komanda yaratdım. Dörd ay üzərində işlədim. Keçən il hazırladığım model səliqəli deyildi, buna görə tam yenisini yığdım. Riyaziyyat və ingilis dili mənə ən çox kömək edən fənlər oldu".

Balakən rayonunun Katex kəndindən gələn 8-ci sinif şagirdləri Zəhra Bayramova və Adil Osmanov ağıllı ferma modeli ilə iştirak edirlər:
"Ferma tamamilə günəş və külək enerjisi ilə işləyir, bu da ekoloji cəhətdən səmərəli və qənaətcil bir sistem yaradır. Mexanizm belə qurulub ki, fermadakı heyvanların suyu tükənəndə sensor dərhal siqnal göndərir və avtomatik suvarma sistemi aktivləşir, heyvanların suyu fasiləsiz təmin olunur. Əgər su miqdarı kifayət edirsə, sensor siqnal göndərmir və sistem dayandırılır.
Eyni prinsip bitkilər və ağaclar üçün də tətbiq olunur. Torpağın rütubət səviyyəsi ölçülür və suvarma yalnız lazım olduqda həyata keçirilir. Bu balanslı suvarma sayəsində bitkilər həddindən artıq suyun yaratdığı zərərdən qorunur, sağlam inkişaf edir və məhsuldarlığı artır. Bu sistem həm suya qənaət edir, həm də əkin sahələrinin səmərəli idarə olunmasına imkan yaradır. Bu layihənin məqsədi kənd təsərrüfatı texnologiyalarının rolunu artırıb suya və enerjiyə qənaət etməkdir.
Biz insan əməyini azaldan ferma modelini yaratmışıq. Yaxşı layihələr çoxdur, amma onları düzgün və təsirli təqdim etmək də bir o qədər önəmlidir".

“BİL Okulları”nın 8-ci sinif şagirdi Bera Deniz Çalış İstanbuldan gəlib. O komandası ilə hazırladıqları robotu belə təqdim edir: "Biz bu robot üzərində 4 - 5 həftə işlədik. Müəllimlərimiz bəyəndi və birinci ola biləcəyimizi dedilər. Bizim məqsədimiz buradakı texnoloji mühitlə yaxından tanış olmaq, eyni zamanda yarışmada qalib gəlməkdir. İstəyirəm ki, qalib olaq, amma ikinci yeri də tuta bilərik. Gələcəkdə robot texnologiyaları sahəsində oxumaq istəyirəm".

Festivala oğluna dəstək məqsədilə qatılan Zeyneb Bulutcu övladının texnologiya sahəsinə olan marağının uşaqlıqdan formalaşdığını bildirir:
"Oğlum "Ahmet Yüksel Özemre Bilim və Sanat Merkezi"ndə təhsil alır və burada müxtəlif texnoloji layihələr üzərində çalışaraq bilik və bacarıqlarını inkişaf etdirir. Oğlumun bu sahəyə marağı çox kiçik yaşlarından başlayıb. Robototexnika, proqramlaşdırma və mühəndislik sahələrinə yönəlmək istəyir.
O, keçən il bu festivalda iştirak edib və mükafat da almışdı. Bu, onun üçün böyük motivasiya oldu. Bu il də böyük həyəcanla və yeni layihə ilə qatıldıq. Ölkəmizi təmsil etmək üçün gəlmişik və burada olmaqdan çox qürur duyuruq”.

Bakı Avropa Liseyinin 9-cu sinif şagirdi Mələk Məmmədli “STEAM Azərbaycan” festivalında plastik tullantıların təmizlənməsi məqsədilə hazırlanmış xüsusi gəmi modelini təqdim edib.
O bildirib ki, gəmi tam texnoloji əsasda işləyir və insan əməyinə ehtiyac duymadan tullantıları suda aşkar edib toplayır:
“Gəminin üzərindəki mexanizm suda üzən plastikləri toplayır və gəminin içindəki konteynerə ötürür. Tullantı toplanan zaman gəmi avtomatik şəkildə stansiyaya yaxınlaşır və oradakı sistem vasitəsilə plastiklər boşaldılaraq zavoda göndərilir. Əslində, bu tip zibilyığan gəmilər mövcuddur, lakin əksəriyyəti insan əməyinə əsaslanır. Bizim layihəmiz isə prosesi tam avtomatlaşdırır. Layihənin əsas məqsədi su hövzələrinin çirklənməsinin qarşısını almaq və ətraf mühitin qorunmasına töhfə verməkdir".

Mingəçevir şəhəri Texniki Humanitar Liseyinin 9-cu sinif şagirdi Əhməd Mahmudov sualtı gəmi robot layihəsini təqdim edir:
“Gəmi suyun altında müxtəlif prosesləri müşahidə edə bilir. O, yoxlamalar aparır, balıqları tordan azad edir, həm təmizləyici, həm də xilasedici funksiyaları yerinə yetirir. Bu mexanizmi hazırlayarkən qaldırma və sürtünmə qüvvələrini düzgün hesablamaq vacib idi. Bu səbəbdən Fizika fənnindəki biliklərim mənə çox kömək oldu. Layihəni əvvəlcə komputerdə modelləşdirdik, sonra isə STEAM mərkəzindəki avadanlıqlarla reallaşdırdıq.
Digər komandaların layihələri ilə tanış oldum. Türkiyədən olan iştirakçılar güclüdür, amma biz də yer tuta biləcəyimizə inanırıq”.

Qəbələ rayonunun Vəndam qəsəbəsindən festivalda iştirak edən 11-ci sinif şagirdi Kamandar Səfərli bu ilki müsabiqəyə özünün hazırladığı mini peyklə qatılıb. O bildirir ki, layihənin hazırlanmasına təxminən iki ay vaxt sərf ediblər və bu peyk müxtəlif dataları ötürmək imkanına malikdir:
“Layihəmizi münsiflər heyətinə təqdim edəcəyik. Eyni kateqoriya üzrə digər komandalarla yarışırıq. Komandamızın digər üzvü məktəbimizin 10-cu sinif şagirdidir. Keçən il də bu festivalda iştirak etmişdim, amma bu dəfə daha hazırlıqlıyam. Gələcəkdə informasiya texnologiyaları üzrə təhsil almaq istəyirəm. Ölkəmiz texnologiya sahəsində sürətlə inkişaf edir və düşünürəm ki, bu istiqamət daha da genişlənəcək”.
Mingəçevir Təbiət-Riyaziyyat və Humanitar Elmlər Liseyinin şagirdi Leyla Əliyeva bu il də STEAM Azərbaycan Festivalında peyk modeli ilə iştirak edir. O, layihə üzrə artıq təcrübəyə malik olduğunu deyir:
“Komandamızda iki nəfər var. Ötən il bu kateqoriyada bürünc medal qazanmışdım. Bu il isə məqsədim daha yüksək nəticə əldə etməkdir. Layihəni bu dəfə daha da təkmilləşdirmişəm. Hazırlıq prosesi cəmi üç gün çəkdi. Kosmosa, planetlərə böyük marağım var və gələcəkdə bu sahədə çalışmaq istəyirəm”.

Qax rayonunu təmsil edən 10-cu sinif şagirdi Mirzə Mirzəyev “STEAM Azərbaycan” festivalında təqdim etdikləri layihənin tam şəkildə komanda işi olduğunu söyləyib:
“Layihəni birlikdə hazırlamışıq. Mən proqramlaşdırma hissəsinə cavabdeh olmuşam, komanda yoldaşım isə mexaniki hissəni yığıb. Loqolar əsasında başladıq, sonradan robota əlavə funksional qollar da əlavə etdik. Bir ay ərzində tam hazır vəziyyətə gətirdik".