BAKI, 6 oktyabr. TELEQRAF

Oktyabrın 1-dən 7-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir.

Sərgidə 123 yerli nəşriyyat , 23 ölkədən 68 xarici iştirakçı təmsil olunur. Tədbir çərçivəsində müxtəlif təqdimatlar, imza günləri keçirilir.

Teleqraf XI Bakı Beynəlxalq Kitab Sərgisindən hazırladığı reportajı təqdim edir.

"Koroğlu" metrosunun yaxınlığına sərgi üçün ayrılan avtobusları xeyli insanın gözlədiyinə şahid oluruq. Bakı Ekspo Mərkəzinə çatanda qarşımıza qucağında kitablar tutmuş 9 yaşlı Niman çıxır. O, ən birinci Ronaldonun kitabını oxuyacağını söyləyir. Həmçinin "İtirilmiş dünya" əsərini aldığını da qeyd edir.

Ötən ildən fərqli olaraq, bu il sərgidə xarici stendlərə də rast gəlinir.

"Azərbaycan ədəbiyyatını İrana aparır, oradan da buraya gətiririk"

İrandan gələn nəşriyyat direktoru Şiva Vəkil Nəslian sərgi üçün ən yaxşı kitabları seçib gətirdiklərini bildirir:

“Biz İrandan ən yaxşı kitabları seçib başqa ölkələrdə təqdim edirik. Bakıya İranın hər guşəsindən kitab gətirmişik. Sizin kitablarınız İranda çox sevirlər, daim soruşurlar ki, Azərbaycan ədəbiyyatından nələr var?

Kitablarımızın arasında İranın müasir ədəbiyyatı da yer alır. Məhəmmədhüseyn Şəhriyardan, Mövlanədən daha çox kitab gətirmişik. Çünki əvvəlki illər gördüm ki, Şəhriyarın kitablarını soruşanlar çoxdur. Bizim mədəniyyətlər oxşardır. Azərbaycanda kitaba maraq olduğu nəzərə çarpır. Yeddinci dəfədir sərgidə iştirak edirəm, hər il sərginin inkişafını görüb iftixar duyuram. Bakıya kitab satmaq üçün yox, kitab mübadiləsi üçün gəlmişik. Azərbaycan ədəbiyyatını İrana aparır, oradan da buraya gətiririk. Sonuncu gün insanlara kitab hədiyyə edəcəyik. Azərbaycanın qədim ədəbiyyatı İranda çox yaxşı tanınır, müasir ədəbiyyatı da aparmağı düşünürük".

“Deyirlər, bahadır, 1 manat olsun”

“Əlfəcin” nəşriyyatının direktoru Mübariz Həsənov alıcı sayının zəifliyindən şikayət edir: “Daha çox gözləyirik. Göygöldən qatılmışıq, bölgədən gələn tək nəşriyyatıq. Bizdə həm dünya, həm Azərbaycan müəlliflərinin əsərləri var. Yerli ədəbiyyatı seçənlər azdır. Çalışırıq yerli müəllifləri təbliğ edək. Valideynlər qiymətdən şikayət edirlər, halbuki kitab baha deyil. Kitab yalnız kağızdan ibarət deyil axı, redaktə, müəllif qonorarı, tərtibat, illüstrasiya... Məsələn, bir kitab üçün rəssama 1350 manat ödəmişik, endirimlə 6 manata satılır. 4 manata olan kitabı baha sayırlar, deyirlər, 1 manat olsun".

“Burada kitablar mağazadan daha ucuzdur, 30 faizə qədər endirim var”

Nicat Qurbanov sərgidən aldığı kitablarla bağlı təəssüratını bölüşür:

“Elmi, psixoloji kitablar aldım. Rövşən Abdullayevin “Üzləşmə” kitabını da götürdüm. Onu başqalarına da tövsiyə edirəm. Universitet tələbələrinin stolüstü kitabı olmalıdır. Əvvəlki illərlə müqayisədə sərgiyə maraq artıb. Nəşriyyatlara dəyər verilsə, qiymətlər də aşağı düşər. Burada kitablar daha ucuzdur. 5 kitabı mağazadan almaq çətin olur, burada isə rahatdır, 30 faizə qədər endirim var”.


Züleyxa Əliyeva axtardığı kitabı tapa bilmədiyi üçün gileylənir:

“50-ci illərin nəşri olan bir kitab aldım. Ancaq bəzi almağı planlaşdırdığım kitabları tapa bilmirəm. Məhəmməd Əsəd bəyin “Sonuncu Peyğəmbər” kitabını axtarıram, amma yoxdur, gətirməyiblər. Endirim var, amma yenə də Azərbaycanda kitab bahadır. Oxuyan çoxdur, həvəskar artır”.

“Qanun” nəşriyyatının redaktoru yazıçı Şərif Ağayar təşkilati məsələdə problemlər olduğunu qeyd edir:

“Bir müəllif və nəşriyyat işçisi kimi sərgi məni tam qane etmir. İnsanlar sərgi üçün ayrılan avtobusların harada dayandığını tapa bilmirlər. Bir az təşkilati işlərdə problemlər var. Amma ümumilikdə kitab bayramıdır. Nəşriyyatlar gəlib, digər ölkələrdən xeyli gələn var.

“Qanun” nəşriyyatı olaraq sərgidə 20 tədbirlə iştirak edirik. 1000-dən çox adda kitab nümayişdə və satışdadır. Bütün mövzulardakı kitablara xüsusi endirimlər etmişik. Keçən ilkindən daha böyük yer götürmüşük. Sərgiyə maraq var, yoxdur deyə bilmərik.

Burada öz kitablarım da satışdadır, az-az da olsa satılır. Gəlirlər, maraqlanırlar imza istəyirlər. Ümumilikdə yaxşıdır, amma bundan qat-qat yaxşı ola bilər. Azərbaycanın, Bakının potensialı ilə iki-üç qat gözəl sərgi keçirmək mümkündür. Təşkilati işlərdə canyanan olmaq lazımdır.

Məktəblilər, bağça uşaqları da sərgiyə gəlirlər. Düzdür, onlar rəsmi ziyarət adıyla gəlirlər. Amma bu da olmalıdır. Bu atmosferi görürlər, kitabın böyük anlayış olduğunu hiss edirlər. Ancaq müstəqil nəşriyyatlar sərbəst oxucuların üzərində dayanır. Biz daha çox onlarla işləməyə çalışmalıyıq".

"Çapar" nəşriyyatının təsisçisi, tədqiqatçı Dilqəm Əhməd əvvəlki illərlə müqayisədə oxucu marağında zəifləmə olduğunu bildirir:

“Oxucuların alıcılıq qabiliyyəti 2-3 il əvvəl daha yüksək idi. Biz kitab imzalamaqdan yorulurduq. Son iki ildir sərgidə zəiflik var. Əslində gəlmək üçün şərait yaradılıb. Ola bilər ki, oxucuların maddi imkanı aşağıdır. Bizdə əsasən tarix kitabları təqdim olunur. Tarix sevərlər, tələbələr daha çox müraciət edirlər. Mənim müəllifi olduğum altı kitab sərgidə yer alır. Hər zaman diqqət görmüşəm. Lakin stendləri alıcı kimi gəzəndə naşirlərin bədbin olduğunu görürəm”.

Sərgiyə birlikdə gələn qrup yoldaşları aldıqları kitabları niyə seçdiklərini bizimlə bölüşürlər:

“Əsasən siyasi və fəlsəfə kitablarına maraq göstəririk. Biz “Babil yanarkən”, Georgi Orielin “Heyvanıstan” əsəri və Fridrix Nitsşenin kitablarını almışıq.

Əvvəlki illərdə də bu sərgidə iştirak etmişik. Bu il endirim yüksək deyil, çeşid də məhduddur”.

Niyə Azərbaycan ədəbiyyatına maraq göstərmədiklərini soruşuram, onların isə cavabı belə olur: “Milli mətnlərimiz dünya ədəbiyyatının bizə verdiyini verə bilmir”.

“Mağazadan fərqli olaraq burada kitablar endirimlə təqdim olunur”

"TEAS Press" Nəşriyyat evi və "LIBRAFF" mağazalar şəbəkəsinin marketinq və PR rəhbəri Afaq Hüseynəliyeva bildirir ki, alıcı sayı gözlədikləri kimi deyil:

"Bu ilki sərginin fərqi odur ki, 2-ci pavilyon yaradılıb, xarici ölkələrdən gələn nəşriyyatlar da burada yer alır. Nəşriyyatların əksəriyyəti məhz bu sərgi üçün yeni kitab çap ediblər.

Biz 10 mindən çox kitab gətirmişik. Yaradılan şərait bizə qane edir. Ən çox satılanlar dünya və Azərbaycan klassikləridir.

"TEAS Press" tərcümə sahəsində peşəkardır, tərcümələri orijinaldan edirik. Daha çox psixologiya, biznes və roman janrında kitablar oxunur.

Yeni kitablar mağazada endirimsiz satılsa da, burada endirimlə təqdim olunur”.

Türk ədəbiyyatına maraq böyükdür

Sərgidə türk ədəbiyyatına aid kitablar da yer alır.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Oral Akyol qeyd edir ki, Azərbaycanda türk ədəbiyyatının oxucusu çoxdur:

"Xl Bakı Kitab Sərgisində Türkiyə olaraq qatılmaqdan məmnunuq. Bu il 8 nəşriyyat və 3 yazıçımızla sərgidəyik. Son günə qədər fəaliyyətimizi davam etdirəcəyik. Kitablara maraq yüksəkdir, xüsusən türk ədəbiyyatına. Nəşriyyatlarımız Azərbaycan nəşriyyatları ilə illərdir ki, əməkdaşlıq edir. Kitab mübadiləmiz uğurla davam edir”.

“Həqiqət” kitab evinin təmsilçisi Tuna Aytan dörd ildir Bakıda kitab sərgisində iştirak etdiklərini bildirirlər:

“İstanbuldan gəlmişik. Hər dəfə eyni həyəcanı yaşayırıq. Burada “Həqiqət” kitab evinin Azərbaycan dilinə tərcümə edilmiş kitablarını təqdim edirik. Yayım evimiz İstanbulun Fatih bölgəsində yerləşir. İstanbulda olduğu kimi Bakıda da kitaba maraq var. Buradakı kitabsevərlərin potensialı diqqətimizi çəkib”.

Sərgidə maraqlı məqamlardan biri də oxucuların kitab seçimi zamanı satıcılarla məsləhətləşmələridir.

Daha maraqlısı isə bir qızın görüntülü zəng edərək anasından məsləhət istəməsi idi. O, kameranı kitablara tutub hansını seçməyin daha doğru olacağını soruşurdu.

Seçim etməkdə qərarsız qalanlar da var idi: "Mən Orhan Pamukun “Mənim adım qırmızı" kitabını almaq istəyirəm. Amma dostum başqa romanı məsləhət görür. O daha çox rus ədəbiyyatını sevir. Mən isə bilirəm ki, rus ədəbiyyatından kitab alsam, yarımçıq qalacaq, oxuyub başa çatdıra bilməyəcəm".

FOTO: Elnur Muxtar