BAKI, 26 dekabr. TELEQRAF

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən cinayət işi üzrə aparılan ilkin araşdırma nəticəsində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin batalyon komandirinin müavininin həmin hərbi hissənin anbar rəisi ilə əlbir olaraq, vəzifə və rəsmi səlahiyyətlərindən istifadə edərək bir qrup şəxslə külli miqdarda dizel yanacağı oğurluğu törətdiyi sübuta yetirilib.

Teleqraf xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

İlkin araşdırma zamanı məlum olub ki, hərbi hissənin batalyon komandirinin müavini anbara artıq 700 litr dizel yanacağını daxil etməyib, əksinə, onu satmaq və alıcı tapmaq üçün həmin hərbi hissənin tağım komandirinə müraciət edib. Bundan sonra həmin yanacaq alıcının avtomobilində hərbi hissədən çıxarılıb, satılıb və pul adı çəkilən şəxslər arasında bölüşdürülüb.

Həmçinin o da məlum olub ki, bundan sonra onlar yenidən satmaq məqsədilə hərbi hissədən eyni avtomobildə daha 2 ton dizel yanacağı çıxarmağa çalışıblar, lakin qrup üzvləri cinayət əməlini başa çatdıra bilməyiblər. Çünki anbar müdiri həbs olunaraq Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təhvil verilib.