BAKI, 25 noyabr. TELEQRAF
İrəvan məhkəməsi "DQR hökuməti"nin İrəvandakı binasının boşaldılaraq dövlət mülkiyyətinə keçirilməsinə dair Baş Prokurorluğun iddiasına baxacaq.
Teleqraf xəbər verir ki, məhkəmə iclası 2026-cı ilin may ayına təyin edilib.
“Pastinfo” nun məlumatına görə, Ermənistan Respublikasının Baş Prokurorluğu Kadastr Komitəsinə qarşı İnzibati Məhkəməyə iddia qaldıraraq, İrəvanın N.Zaryan küçəsi 17A ünvanında yerləşən binaya "DQR hökuməti"nin mülkiyyət hüquqlarının dövlət qeydiyyatının etibarsız hesab edilməsini tələb edib.
Özünü "DQR"in nümayəndəsi kimi təqdim edən Njde İskəndəryan “Pastinfo”ya bildirib ki, hökumət seçkiqabağı dövrdə Qarabağ ermənilərinin fəallığını boğmaq üçün binanı onların əlindən almaq istəyir.
Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu ilk iddianı bu il iyulun 15-də İrəvan inzibati məhkəməsində qaldırıb.
Ermənistan baş naziri Nikol Paşinyan daha öncə bildirib ki, o, ölkə ərazisində ikinci dövlətin mövcudluğuna imkan verməyəcək və sözügedən ünvandakı daşınmaz əmlak Ermənistanın mülkiyyəti olmalıdır.
Binanın separatçıların əlindən alınması onların Azərbaycana qarşı təşkilatlanmasının qarşısının alınması istiqamətində atılan ciddi addım hesab olunur.