BAKI, 8 oktyabr. TELEQRAF
ABŞ-nin Energetika İnformasiyası Administrasiyası (EIA) qlobal neft bazarındakı dinamikanı nəzərə alaraq bu və gələn il üçün neftin qiyməti ilə bağlı proqnozlarını yüksəldib.
Teleqraf xəbər verir ki, agentliyin hesabatına əsasən, son aylarda qlobal ehtiyatlardakı artıma baxmayaraq, neftin qiyməti sabit qalıb. Buna səbəb Çinin strateji neft ehtiyatlarını artırması və yayda gözləniləndən yüksək tələbat olub.
Cari il üçün “Brent” markalı neftin orta qiyməti 68,64 dollar, “WTI” markalı neftin qiyməti isə 65 dollar səviyyəsində proqnozlaşdırılıb. Əvvəlki hesabatda bu göstəricilər müvafiq olaraq 67,80 və 64,16 dollar idi.
İlin sonuna qədər tələbatın azalması və təklifin artması nəticəsində qiymətlərin enəcəyi gözlənilir. 2026-cı ildə “Brent” neftinin orta qiymətinin 52,16 dollar, “WTI” neftinin isə 48,50 dollar təşkil edəcəyi proqnozlaşdırılır.
Hesabatda bildirilib ki, Çinin ehtiyat alışları, Rusiya–Ukrayna müharibəsi və ABŞ-nin ticarət siyasəti kimi amillər qiymətlərə təzyiq yarada bilər.
Eyni zamanda, qlobal neft tədarükünün bu il 105,87 milyon barel, tələbatın isə 103,99 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılıb. 2026-cı ildə isə bu göstəricilərin müvafiq olaraq 107,17 və 105,11 milyon barelə çatacağı ehtimal olunur.