BAKI, 10 aprel. TELEQRAF

“Xarici dil imtahanlarının tətbiqindən sonra bu sahədə bilik səviyyəsi əhəmiyyətli dərəcədə artıb. İnformatika fənni qəbul imtahanlarına daxil edildikdən sonra isə bu istiqamətə diqqət artıb, müəllimlərin nüfuzunda da irəliləyiş müşahidə olunub”.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” adlı beynəlxalq konfransda deyib.

Nazir qeyd edib ki, təhsildə dəyişikliklərin ən qısa yolu imtahanlardır:

“Cəmiyyətdə imtahanlar ətrafında aparılan müzakirələr bəzən düzgün istiqamətdə olmur və əsas diqqət sualların çətinlik dərəcəsinə yönəlir. Bir məqamı unutmamalıyıq ki, suallar çətin olanda hamı üçün çətin, asan olanda isə hamı üçün asan olur. Hər imtahandan sonra – istər qəbul, istərsə də Müəllimlərin İşə Qəbulu imtahanlarından sonra sualların çətinliyi ilə bağlı yaranan ajiotajın Azərbaycan cəmiyyətinə ciddi fayda verdiyini düşünmürəm. Sualların çətin və ya asan olmasından asılı olmayaraq, qəbul planı dəyişmir və eyni sayda namizəd uğur qazanır”.