BAKI, 12 fevral. TELEQRAF

Son günlər sosial şəbəkələrdə və digər rəsmi olmayan platformalarda təhsilverənlərin sertifikatlaşdırılması prosesinə hazırlıq adı altında sınaq imtahanlarının təşkili, test tapşırıqlarının təqdim edilməsi və digər xidmətlər təklif edən elanlar yayımlanır.

Teleqraf xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, yayılan məlumatlarda həmin fəaliyyətlərin Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və ya bu qurumla əməkdaşlıq edən mütəxəssislər tərəfindən həyata keçirildiyi qeyd olunur.

Bir daha bildiririk ki, ARTİ-nin bütün fəaliyyəti, o cümlədən əməkdaşlıq etdiyi ekspertlər və qurumlar haqqında məlumatlar yalnız qurumun rəsmi internet səhifəsi və rəsmi sosial media hesabları vasitəsilə ictimaiyyətə təqdim olunur. Rəsmi olmayan mənbələrdə yayılan məlumatların ARTİ ilə heç bir əlaqəsi yoxdur.