BAKI, 10 iyul. TELEQRAF

Müəllimlərin orta aylıq maaşı 965 manatdır.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.

O bildirib ki, müəllimlərin sertifikatlaşdırmasında yüksək nəticə göstərənlərin orta aylıq əməkhaqqısı (sertifikatlaşdırmada 51 və yuxarı bal toplayanlar 35 faiz əlavə alır - red.) 1320 manatdır.

“Uğur qazananlar (30–50 bal aralığında nəticə göstərənlər, 10 faiz əlavə alanlar) – 1010 manat orta aylıq əməkhaqqı alırlar. Sertifikatlaşdırmada iştirak etməyən müəllimlər isə orta aylıq 765 manat əməkhaqqı alır. Təxminən 45% müəllim 2025-2026-cı tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq”, - nazir əlavə edib.

Nazir sertifikasiya prosesi təşkil edildikdən sonra müəllimlərin maaşlarında sürətli artımların müşahidə olunduğunu bildirib.