BAKI, 1 iyun. TELEQRAF

Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib. İmtahanda I ixtisas qrupu üzrə 31167, IV ixtisas qrupu üzrə 6526, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 7986 nəfər olmaqla, ümumilikdə 45679 abituriyentin iştirakı nəzərdə tutulurdu.
İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı, Quba və Xaçmazda təşkil olunub.

Teleqraf-ın əməkdaşı növbəti dəfə imtahan prosesində iştirak edib. Dövlət İmtahan Mərkəzindən keçdiyimiz akkreditasiyaya uyğun olaraq Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə olduq.

Nəzakət Novruzova övladının imtahana yaxşı hazırlaşdığını dedi: “Oğlum əla oxuyur, yaxşı nəticə gözləyirik. Repetitorla hazırlaşıb, heç bir fəndən çətinliyi yoxdur. Əgər suallar normal səviyyədə olarsa yüksək nəticə göstərəcəyinə inanırıq”.

Vaqif Quliyev də övladından yaxşı nəticə gözlədiyini bildirdi: “Qızım 4-cü qrup üzrə hazırlaşıb. Hələ ki, oxuyacağı ixtisası seçməyib. Ümumi nəticəyə baxacayıq”.


Amma Rəsul Şirinov oğlundan yaman narazılıq etdi: “Texniki fənlərdə çox yaxşıdır. Savadı var, ancaq dərslərə heç marağı yoxdur. Öyrənmə qabiliyyəti yaxşıdır, mövzunu bir dəfə oxuyanda yaddaşında qalır. Buraxılışda 183 bal toplamışdı. İndi görək bu imtahanda nə edəcək. Özü “hara düşərəm, düşərəm” deyir. Ancaq mən istəyərdim ki, yüksək nəticə göstərsin. Çünki ondakı potensialın fərqindəyəm”.

Nəhayət imtahan başa çatır.

Binadan ayrılmağa başlayan imtahan iştirakçılarının fikirlərini öyrənirik.

İmtahandan ilk çıxan Toğrul Nağıyev: "Suallar normal idi. Bəzi çətin suallar olsa da yazılmayacaq qədər deyildi. Fizikada iki-üç sual üzərində fikirləşdim, amma nəticədə cavab tapıb yazdım. Mən təhsili xaricdə davam etdirəcəyəm və artıq bir neçə universitetdən qəbul almışam. Bu imtahana çox da yaxşı hazırlaşmamışdım."

IV ixtisas qrupu üzrə imtahan verən Məryəm Bayramlı imtahan təəssüratlarını bizimlə bölüşdü.

"İmtahan sualları düşündürücü idi, amma ümumilikdə öhdəsindən gəlmək mümkün idi.
Bəzi suallar digərlərinə nisbətən daha çətin idi, amma ümumi baxdıqda balanslı hazırlanmışdı. Abituriyent hazırdırsa, bu suallara cavab vermək mümkündür. Məncə, imtahanın ümumi çətinlik səviyyəsi əvvəlki illərlə müqayisədə ciddi fərqlənmirdi.

Mən IV ixtisas qrupu üzrə imtahan verdim. Əsas məqsədim Azərbaycan Tibb Universitetinə qəbul olmaqdır. Bu istiqamətdə artıq uzun müddətdir hazırlaşıram. Dərslərimi ciddiyə alıram, xüsusilə biologiya və kimya fənlərinə daha çox vaxt ayırıram. Bu günkü imtahandan sonra isə qarışıq hisslər yaşayıram. Bəzi suallar var idi ki, üzərində çox düşündüm, amma sonunda cavab tapa bildim. Yenə də nəticənin necə olacağını indidən söyləmək çətindir”.

Hamlet Hüseynli: “İmtahan ümumilikdə yaxşı keçdi. Suallar mənə çətin gəlmədi, daha çox asan və başa düşülən idi. Demək olar ki, cavablandıra bilmədiyim sual olmadı. Əsasən biologiya və kimya sualları diqqət tələb edirdi, amma əvvəlcədən hazırlaşdığım üçün çətinlik çəkmədim. IV ixtisas qrupu üzrə imtahan verdim və əsas hədəfim tibb sahəsində təhsil almaqdır. Həkim olmaq üçün hazırlaşmışam. Buraxılış imtahanında 256 bal toplamışdım. Bu imtahandan da yüksək nəticə gözləyirəm. Hazırlıq dövründə mütəmadi çalışmışam və bu da sualları rahatlıqla cavablandırmağıma kömək etdi.”

Dəniz Bayramova: “İmtahanı orta səviyyədə yazdığımı düşünürəm. Yəni nə çox yaxşı, nə də zəif. Buraxılış imtahanında 240 bal toplamışdım. Bu nəticə məni həm motivasiya etmişdi, həm də daha ciddi çalışmağa təşviq etmişdi. Bu imtahandan isə bir qədər yüksək nəticə gözləyirəm və ümid edirəm ki, planlaşdırdığım universitetə qəbul ola biləcəyəm."

İmtahan təəssüratlarını bölüşən digər abituriyent Firudin Quliyev qeyd etdi ki, suallar düşündürücü idi.

"Suallar asan idi, hamısı keçdiyimiz mövzulara uyğun idi. Sadəcə, diqqətsizlik səbəbindən bəzi səhvlər etdim. Ən çox çətinlik isə biologiyada hiss olundu. Bu fənndə bəzi testlər bir qədər düşündürücü idi, amma ümumilikdə cavablandırmaq mümkün idi."

Abituriyent həmçinin qeyd edib ki, Tibb Universitetinə hazırlaşır:

"IV ixtisas qrupu üzrə imtahan verdim. Hədəfim Tibb Universitetinə daxil olmaqdır. Bu istiqamətdə uzun müddətdir çalışıram. Daha əvvəl buraxılış imtahanından 242 bal toplamışam. Bugünkü nəticəmdən də ümidliyəm".

İmtahan rəhbəri Mirxalid Salayevdən məlumat aldıq. O bildirdi ki, imtahan prosesi problemsiz keçib:

"İmtahanda 264 iştirakçı olmalı idi: 85 oğlan və 179 qız. 6 nəfər imtahana gəlməyib. Heç bir qanun pozuntusu və ya qadağan olunmuş əşya aşkar edilməyib. İmtahan üç mərtəbədə keçirilib və hər mərtəbədə bir imtahan rəhbəri olub. Ümumilikdə 18 imtahan zalı fəaliyyət göstərib. 2004-cü ildən imtahan rəhbəri kimi çalışıram. İmtahan üç saat davam edir. Ən tez çıxan iştirakçı saat 12:00-da olub. Gecikən olmayıb. İki qadın və bir kişi mühafizəçi, həmçinin tibb bacısı və həkim imtahan zamanı hazır olublar. Yanğınsöndürənlər və təcili yardım xidmətləri yaxın ərazidə növbə çəkiblər".

Digər imtahan rəhbəri Tural Kazımov: "Zallarda iştirakçı sayı fərqlidir. Bəzi zallarda 12 nəfər imtahan verir. Mənim nəzarət etdiyim 7 zal var. İmtahanların təşkilində şəffaflıq qorunur. İmtahan materialları vaxtında paylanılır ki, gecikmə olmasın. İmtahan başlamazdan 30 dəqiqə əvvəl cavab kartları və vərəqləri paylanılır, 10 dəqiqə qalmış isə sual kitabçaları verilir. Valideynlərin binaya girişinə icazə verilməyib. Artıq imtahan iştirakçıları bir neçə imtahanlarda iştirak etdikləri üçün qaydaları yaxşı bilirlər. Ona görə də nə kəsici alətlər, nə də köçürmək üçün vasitələr gətirilməyib.

Həkim Aidə Nağıyeva: "20 nömrəli poliklinikanın həkimiyəm və imtahanlara ilk tibbi yardım çantası ilə gəlirik. Bu gün vəziyyəti pisləşən olmayıb. Ancaq əvvəlki imtahanda bir iştirakçı yüngül narahatlıq keçirdi və yerində yardım göstərilərək imtahana davam etdi."

Tibb bacısı Sevda İsmayılova: Məktəbin yaxınlığında təcili yardım dayanır. Şagirdlərin səhhətində hansısa problem yarandığı zaman dərhal müdaxilə etmək üçün məktəb binasında gözləyirik. Xoşbəxtlikdən hələ də təcili-tibbi yardıma ehtiyacı olmayıb”.