BAKI, 20 may. TELEQRAF

Onilliklər boyu Marsda su izlərinin əlaməti hesab edilən parlaq zolaqlar tamam fərqli mənşəli ola bilər.

Teleqraf xəbər verir ki, "Nature Communications"da dərc edilən bir araşdırmada belə deyilir.

Araşdırma sübut edib ki, bu strukturlar rütubətdən deyil, külək və tozla əlaqəli proseslərdən əmələ gəlib.

Braun və Bern universitetlərinin alimləri maşın təlimi alqoritmini hazırlayıb və 86 mindən çox peyk şəklini təhlil ediblər. Nəticə 500.000-dən çox yamac xəttindən ibarət böyük xəritə ortaya çıxıb. Tədqiqatçılar onları iqlim xüsusiyyətləri və geoloji məlumatlarla müqayisə edərək, müəyyənləşdiriblər ki, zolaqlar yüksək sürətli küləyin və toz çöküntülərinin olduğu ərazilərdə daha çox gözə dəyir.

Daha əvvəl "təkrarlanan yamac xətlərinin" isti aylarda meydana gəldiyini düşünürdülər. Hesab olunurdu ki, bu, duzlu bulaqların olduğuna işarə edə bilər. Lakin yeni təqdiqat bu fərziyyəni sual altında qoyur.