BAKI, 19 may. TELEQRAF

Sabahdan etibarən Azərbaycan dili imtahanının nəticələri ilə bağlı apellyasiya başlayır.

Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, appelyasiya mayın 4-də DİM tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə keçirilmiş test imtahanının nəticələri ilə bağlıdır.

Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 20 may saat 10:00-dan 22 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.

Qeyd edək ki, ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlər 29 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər. İkinci imtahana qeydiyyat 22 may - 10 iyun tarixlərində aparılacaq.