
BAKI, 7 aprel. TELEQRAF
Prezident İlham Əliyev Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması haqqında Sərəncam imzalayıb. Sərəncama görə bir sıra institutlar birləşdirilib və onların bazasında yeni institutlar yaradılıb. Bu dəyişikliklər 2025-ci ilin sonunadək mərhələli şəkildə həyata keçiriləcək.
İnstitutlar arasında Riyaziyyat və Mexanika İnstitutu ilə İdarəetmə Sistemləri İnstitutu da var. Bu institutların bazası əsasında Riyaziyyat İnstitutu yaradılacaq.
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Teleqraf-a açıqlamasında institutların birləşdirilməsinin elmin inkişafına xidmət edəcəyini bildirib:
“Cənab Prezident Sərəncam imzalayıb. Vəzifəmiz ondan ibarətdir ki, bu sərəncamdan irəli gələn məsələləri layiqli yerinə yetirək. Bizim institutun 180 nəfər əməkdaşı var. İnstitutdakı ixtisarlarla bağlı nəsə demək çətindir. Hökumət səviyyəsində hansı qərarların qəbul ediləcəyini gözləməliyik. Daha sonra digər suallarla, məsələlərlə bağlı danışmaq olar”.
Qeyd edək ki, Riyaziyyat və Mexanika İnstitutu 1959-cu ilin may ayının 6-da yaranıb. İnstitutun yaranmasının məqsədi Azərbaycanda riyaziyyat və mexanika elmlərinin inkişafına xidmət etmək olub. 2013-cü ilin mayından Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsini Misir Mərdanov icra edir.