BAKI, 27 mart. TELEQRAF

"Azərbaycan xalqı dünya elminə çox böyük alimlər bəxş edib. Arzu edirəm ki, elmimiz və alimlərimiz həmişə uğurları ilə bizi sevindirsinlər. Bu gün Azərbaycanda Elm Günüdür, alimlərin bayramıdır. Gəlin, problemlərdən çox danışmayaq”.

Bunu Teleqraf-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Misir Mərdanov deyib.

“Bu il bayram Azərbaycanda Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyinə təsadüf edir. Bu gün ölkəmizdə elmlə məşğul olan hər kəsin, bütövlükdə Azərbaycan elm ictimaiyyətinin bayramıdır. Mən alimlərimizi ürəkdən təbrik edirəm. Milli Elmlər Akademiyası Azərbaycan elminin, dövlətinin inkişafında xüsusi xidmətləri olan və bu istiqamətdə çox ciddi işlər görən elm ocağıdır", - M.Mərdanov qeyd edib.

Onun sözlərinə görə, azərbaycanlı alimlər öz ixtiraları ilə dünya elmini zənginləşdiriblər: “İndi də Azərbaycanın öndə gedən, onu dünyada təmsil edən çoxsaylı alimləri var. Onların əksəriyyəti Azərbaycanda çalışır. Müəyyən bir hissəsi dünyanın demək olar ki, bütün ölkələrində çalışır, xalqımızı orada layiqincə təmsil edirlər. Arzu edirəm ki, elmimiz və alimlərimiz həmişə uğurları ilə bizi sevindirsinlər”.

Xatırladaq ki, 2018-ci ildən etibarən Prezident İlham Əliyevin sərəncamı ilə 27 mart ölkəmizdə Elm Günü kimi qeyd edilir.