.jpg)
BAKI, 1 mart. TELEQRAF
Sabah tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına əsasən 57437 şagirdin iştirakı nəzərdə tutulan imtahan 35 şəhər və rayonda təşkil olunacaq.
İmtahan zamanı yaxınlaşdıqca abituriyentlərin əksəriyyətində imtahan stressi, həyəcanlanma, bildiklərini unutma, bəzi hallarda imtahan sonrası depressiyanın yaşanması kimi hallara rast gəlinir.
Teleqraf-a danışan psixoloq Könül Abbasova deyir ki, hər şagirdin təşvişinin arxasında onu yaradan səbəblər var. Bəzən bu səbəb valideyndən qaynaqlanır:
“Təşviş və həyəcanı aradan qaldırmaq üçün valideynlərlə övladlar arasında olan münasibət tənzimlənməlidir. Təşvişin səbəblərini adi hala gətirmək lazımdır. Təbii ki, burada psixoloji konsultasiyanın önəmli rolu var. Yuxu rejmini yaxşılaşdırmaq, telefon asılılığını aradan qaldırmaq, ən əsası isə ailədə övlada qarşı münasibəti dəyişmək vacibdir. Açıq havada gəzmək, nəfəs hərəkətləri etmək, sağlam qidalanmaq, fikri yayındırmaq üçün hansısa yaradıcılıq işləri ilə məşğul olmaq olar. Ailədə demokratik münasibətlər yaradıb, müəyyən oyunlar (şahmat, domino) oynayaraq, birlikdə düzgün vaxt keçirmək təşviş və həyəcanı azaltmağa çox kömək edir. Şagirdlər anlamalıdırlar ki, bu, hələ həyatın başlanğıcıdır. Səhvlər olmasa, nəyin düz olduğunu bilmərik”.
Psixoloq bu ərəfədə əsas öhdəliyin valideynlərin üzərinə düşdüyünü vurğulayır: “Birinci növbədə münasibətlərdə günahkarlıq hissini götürmək lazımdır ki, sonra baş verən hadisələrdə peşmanlıq hissi yaranmasın. Çünki yeniyetmələrdə hormonal xaos sponton atılan addımlara səbəb ola bilər. Onlar düşünmədən öz emosiyalarının qurbanına çevrilirlər. Ona görə də həm valideynlər, həm də şagirdlər təşvişlə, həyəcanla bağlı təlimlərdən yararlansalar, faydalı olar”.
Şagirdlər təlimatlardan kənar hərəkət etsələr ...
DİM-in təlimatlarına görə imtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır.
Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan saat 11:00-da başlanır.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Bu sənədlər olmadan imtahana giriş mümkünsüzdür
• İmtahana buraxılış vərəqəsi;
• Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
• Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
İmtahan iştirakçıları “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından fevralın 20-dən etibarən çap edib götürə bilirlər.