BAKI, 26 oktyabr. TELEQRAF

ABŞ və Cənubi Koreya Hərbi Hava Qüvvələri Koreya yarımadasının cənubunda genişmiqyaslı birgə hərbi təlimlərə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.

“Freedom Flag” (Azadlıq bayrağı) adlı təlimlər oktyabrın 26-dan noyabrın 6-dək Kunsan aviabazasında keçiriləcək.

Təlimlərə Cənubi Koreya tərəfindən F-15K, KF-16 və F-35A qırıcıları, KC-330 hərbi təyyarəsi və E-737 erkən xəbərdarlıq təyyarəsi cəlb olunub.

ABŞ isə F-16 və F-35B qırıcıları, RC-135 kəşfiyyat təyyarəsi, MH-60S helikopterləri və MQ-9 “Reaper” pilotsuz uçuş aparatları ilə iştirak edir.

Bildirilib ki, təlimlərin əsas məqsədi iki ölkənin silahlı qüvvələri arasında koordinasiyanı gücləndirmək, döyüş hazırlığını artırmaq və birgə əməliyyat imkanlarını təkmilləşdirməkdir.

Hərbçilər hava hücumundan müdafiə, düşmən aviasiyasının qarşısının alınması və digər taktiki əməliyyatlar üzrə tapşırıqlar yerinə yetirəcəklər.

Qeyd edək ki, “Freedom Flag” təlimləri ildə iki dəfə keçirilir.

Cənubi Koreya Silahlı Qüvvələri oktyabrın 19-dan 30-dək ölkə ərazisində “Hoguk” adlı genişmiqyaslı hərbi təlimlər də həyata keçirir.