BAKI, 20 iyul. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio Çin sədri Si Cinpinin sentyabr ayında ABŞ-yə planlaşdırılan səfərinə hazırlığın Donald Trampın Pekinə qarşı son ittihamlarına baxmayaraq davam etdiyini bildirib.
Teleqraf xəbər verir ki, Rubio bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, Vaşinqton səfərin sentyabr ayında baş tutacağını gözləyir.
“Çin tərəfi hazırlıq işləri üçün əməkdaş qruplarını göndərməkdə davam edir. Bunun əksini göstərən heç nə eşitməmişəm və onların gəlməyəcəyini düşünmək üçün əsasım yoxdur. Bu səfər mühüm əhəmiyyət daşıyır”, – ABŞ dövlət katibi deyib.
Rubio vurğulayıb ki, ABŞ və Çin kimi iki böyük dövlət arasında fikir ayrılıqlarının olması təbiidir, lakin tərəflər dialoqu davam etdirməli və münasibətləri qorumalıdır.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Çini ABŞ-da seçki proseslərinə müdaxilə etməkdə ittiham etmişdi. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan isə bu iddiaları “tamamilə uydurma və qərəzli böhtan” adlandırıb.
Tramp iyulun əvvəlində Si Cinpinin Vaşinqtona səfərinin təxminən sentyabrın 24-də baş tutacağını açıqlamışdı.