BAKI, 20 iyul. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Fars körfəzi regionunun bir sıra ölkələri Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması müqabilində ABŞ-yə investisiya yatırmaq öhdəliyi götürüblər.

Teleqraf xəbər verir ki, Rubio bu barədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün fəaliyyətini davam etdirəcək, lakin digər dövlətlər də bu yükün bölüşdürülməsində maliyyə və ya digər resurslarla iştirak etməlidirlər.

“Bütün dünya üçün gəmiçiliyin təhlükəsizliyini əbədi olaraq yalnız ABŞ təmin edə bilməz. Artıq bəzi ölkələr bu istiqamətdə investisiya öhdəlikləri götürüblər, gələcəkdə isə digər dövlətlər də analoji addımlar atacaqlar”, – Rubio bildirib.

ABŞ dövlət katibi əlavə edib ki, region ölkələrinin bu cür investisiyalar edə bilməsi üçün onların neft və qazının dünya bazarlarına maneəsiz çıxışı təmin olunmalıdır.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunmasına görə daşınan yüklərin dəyərinin 20 faizinin ABŞ-yə ödənilməsi ideyasını səsləndirmişdi. Daha sonra isə o, bu təklifdən imtina etdiyini və bunun əvəzində Fars körfəzi ölkələri ilə ticarət və investisiya sazişlərinə üstünlük verdiyini açıqlamışdı.