BAKI, 1 iyun. TELEQRAF

Çin hökuməti xaricə kapital çıxarılması qaydalarını pozan investor və şirkətlərə qarşı sərt cərimələr tətbiq edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının dərc etdiyi qərarda bildirib.

Sənədə əsasən, xaricə investisiya üçün icazələrin rüşvət və ya saxtakarlıq yolu ilə alınması hallarında həmin icazələr ləğv ediləcək, qanunsuz əldə olunan gəlirlər müsadirə olunacaq.

Bundan əlavə, yerli şirkətlər investisiya məbləğinin 0,1 faizindən 0,5 faizinədək həcmdə cərimələnəcəklər.

Artıq həyata keçirilmiş layihələr üzrə isə cərimə məbləği investisiyanın 0,5 faizindən 1 faizinə qədər olacaq. Həmin şirkətlər fəaliyyətlərini dayandırmalı və müəyyən edilmiş müddətdə xaricdəki aktivlərini ləğv etməlidirlər.

Qərara əsasən, məsul vəzifəli şəxslər və şirkət rəhbərləri də 20 min yuandan 50 min yuana qədər cərimə olunacaqlar.

Milli təhlükəsizlik yoxlamaları zamanı nəzarət orqanları ilə əməkdaşlıqdan imtina edən şəxslərə qarşı əlavə tədbirlər görüləcək. Belə hallarda qanun pozuntularının nəticələrinin aradan qaldırılması məcburi olacaq və şirkətlərə üç ilədək xaricdə investisiya fəaliyyəti ilə məşğul olmaq qadağan edilə biləcək.

Yeni qaydalar 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.