BAKI, 1 iyun. TELEQRAF
Kolumbiya Prezidenti Qustavo Petro prezident seçkiləri üzrə ilkin səs sayımının nəticələrini tanımadığını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə Petro "X sosial şəbəkəsindəki paylaşımında bildirib ki, səsvermənin ilkin nəticələrini hazırlayan özəl şirkətin istifadə etdiyi proqram təminatında son həftə ərzində bir neçə dəfə dəyişiklik edilib.
Onun sözlərinə görə, sistemə rəsmi seçici siyahısında olmayan 800 min şəxsiyyət nömrəsi əlavə olunub.
"Prezident olaraq Bautista qardaşlarına məxsus özəl şirkətin təqdim etdiyi ilkin nəticələri tanımıram. Son həftədə proqram təminatının alqoritmləri üç dəfə dəyişdirilib", - deyə Petro qeyd edib.
Kolumbiya lideri vurğulayıb ki, ilkin səs sayımı hüquqi baxımdan məcburi xarakter daşımır.
O bildirib ki, yalnız hakimlərin rəhbərlik etdiyi seçki komissiyalarının açıqlayacağı yekun nəticələri qəbul edəcək.
Xatırladaq ki, mayın 31-də Kolumbiyada prezident seçkiləri keçirilib. İlkin nəticələrə əsasən, ifrat sağçı siyasətçi Abelardo de la Espriyelya 43,74 faiz, hakim "Tarixi Pakt" partiyasının namizədi İvan Sepeda isə 40,90 faiz səs toplayaraq seçkilərin ikinci turuna vəsiqə qazanıblar.
Prezident seçkilərinin ikinci turu iyunun 21-də keçiriləcək.