Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı on milyonlarla dollar dəyərində qızıl külçə və xarici valyuta oğurlamaqda ittiham olunur.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

FTB-nin məlumatına görə, onun evində aparılan axtarış zamanı təxminən 40 milyon dollar dəyərində 300-dən çox qızıl külçə, 2 milyon dollar nağd pul və onlarla lüks saat aşkar edilib.

Söhbət dövlət vəsaitlərini mənimsəmək ittihamı ilə həbs edilən Virciniya ştatından olan keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin zabiti Devid Raşdan gedir. O, hazırda həbsdədir.

FTB materiallarına görə, Raş təxminən 17 il Mərkəzi Kəşfiyyat İdarəsində çalışıb və məxfi məlumatlara çıxışı olub. İstintaq iddia edir ki, hətta işə götürüldükdə belə, o, dəfələrlə tərcümeyi-halı ilə bağlı yalan danışıb. Özünü ABŞ Hərbi Dəniz Qüvvələrinin pilotu kimi təqdim edib və əslində heç bir kollec və magistr dərəcəsinə malik olmayıb.

Raş əslində informasiya sistemləri üzrə texnik işləyib və onun sadaladığı dərəcələri olan universitetlər onun təhsili ilə bağlı heç bir qeydin olmadığını bildiriblər.

Prokurorluğun məlumatına görə, ötən ilin sonlarında Raş rəsmi xərclər üçün on milyonlarla dollar xarici valyuta və qızıl külçə tələb edib. O, axtarışdan iki gün sonra həbs edilib.

FTB həmçinin iddia edir ki, ordudan tərxis olunduqdan sonra Raş qanunsuz olaraq saxta hərbi məzuniyyət üçün ödənişlər alıb.

Müstəntiqlər oğurlanmış vəsaitlərin bəzilərinin hələ də tapılmadığını bildirirlər.