BAKI, 27 aprel. TELEQRAF

Böyük Britaniya kralı III Çarlz həyat yoldaşı Kamilla ilə birlikdə ABŞ-a dörd günlük dövlət səfərinə başlayır.

Teleqraf xəbər verir ki, səfər ABŞ-nin Böyük Britaniyadan müstəqilliyinin 250 illiyi münasibətilə təşkil olunub.

Məlumata görə, səfər çərçivəsində kral ABŞ Prezidenti Donald Tramp və onun həyat yoldaşı Melaniya Tramp ilə görüşəcək. Proqrama həmçinin Vaşinqtonda rəsmi qəbul və dövlət ziyafəti daxildir.

Bildirilir ki, III Çarlz son 25 ildə ABŞ Konqresində çıxış edən ilk Britaniya monarxı olacaq. Daha əvvəl bu hüquq 1991-ci ildə onun anası, mərhum kraliça II Elizabeta verilmişdi.

Səfər çərçivəsində kralın Nyu-Yorka gedərək 11 sentyabr terror aktlarının qurbanlarının xatirəsini yad edəcəyi, həmçinin Virciniya ştatında yerli icmalarla görüş keçirəcəyi gözlənilir.

Qeyd olunur ki, səfər yüksək təhlükəsizlik tədbirləri fonunda baş tutacaq. Bununla yanaşı, səfərin əsas məqsədi London və Vaşinqton arasında münasibətlərin yaxşılaşdırılması kimi qiymətləndirilir.