BAKI, 27 aprel. TELEQRAF

Malinin hökumət qüvvələri radikal silahlı qruplaşmalara qarşı axtarış və zərərsizləşdirmə əməliyyatlarını davam etdirir.

Teleqraf xəbər verir ki, bu barədə Malinin Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, aprelin 25-də bir neçə bölgədə hərbi mövqelərə edilən hücumlardan sonra Kidal, Kati və ölkənin digər ərazilərində terrorçu qrupların axtarışı davam etdirilir.

“Bu hücumlar müdafiə strukturlarını zəiflətmək və əhalini qorxutmaq məqsədi daşıyırdı və cavabsız qalmayacaq”, - deyə açıqlamada bildirilir.

Qeyd olunub ki, ölkə üzrə döyüş hazırlığı səviyyəsi artırılıb, komendant saatı tətbiq edilib, patrul xidmətləri gücləndirilib və nəzarət-buraxılış məntəqələri möhkəmləndirilib.

Baş Qərargah həmçinin vurğulayıb ki, Mali Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünün qorunması və milli təhlükəsizliyin təmin olunmasına sadiqdir. Əhali isə ayıq-sayıq olmağa və şübhəli fəaliyyətlərlə bağlı aidiyyəti qurumlara məlumat verməyə çağırılıb.