BAKI, 26 aprel. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 27-də Rusiyaya səfər edəcək və Moskvada Yaxın Şərqdəki vəziyyətlə bağlı danışıqlar aparmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.

Diplomatın sözlərinə görə, Əraqçi səfər çərçivəsində Rusiya rəsmiləri ilə danışıqların hazırkı vəziyyəti, atəşkəs məsələləri və regiondakı son hadisələri müzakirə edəcək.

Cəlali bildirib ki, İran və Rusiya arasında həm ikitərəfli münasibətlər, həm də regional və beynəlxalq məsələlər üzrə ortaq baxışlar mövcuddur və bu səbəbdən yüksək səviyyəli təmaslar mütəmadi xarakter daşıyır. Onun sözlərinə görə, tərəflər mümkün təşəbbüsləri, o cümlədən birgə addımları da müzakirə edə bilərlər.

Səfir həmçinin qeyd edib ki, Moskva və Tehran beynəlxalq arenada səmərəli əməkdaşlıq edir. O vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Hörmüz boğazı ilə bağlı təqdim etdiyi qətnamə balanssız hesab edilib və Rusiya ilə Çin bu sənədin əleyhinə çıxaraq veto hüququndan istifadə edib.