BAKI, 26 aprel. TELEQRAF

Fars körfəzindəki neft infrastrukturuna müharibə nəticəsində dəyən zərər o qədər dərindir ki, hətta Hörmüz boğazı açılsa və hərbi əməliyyatlar başa çatsa belə, neft axınının tam bərpası aylar, hətta illər çəkə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) nəşrinin analitik hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, hasilatın bərpa edilə bilməməsinin səbəbi yalnız neft obyektlərinin bombardman edilməsi deyil. Müharibənin ilk günlərində minlərlə neft quyusunun tələsik qapadılması hazırda onların yenidən işə salınması prosesini son dərəcə mürəkkəbləşdirib.

Ekspertlərin fikrincə, müharibənin bitməsi və tankerlərin hərəkət marşrutunun açılması vəziyyətin dərhal əvvəlki qaydaya qayıtması demək deyil. Bir neft yatağının yenidən işə düşməsi üçün boru kəmərləri, kiçik emal zavodları və nasoslar kimi çoxsaylı avadanlıqlar yenidən işlək vəziyyətə gətirilməlidir. Eyni zamanda, ərazini tərk etmiş mütəxəssislərin geri qayıtması və kifayət qədər tanker tapılması da ciddi zaman aparan amillərdir.

"Goldman Sachs" investisiya bankının analitikləri də məsələ ilə bağlı xəbərdarlıq ediblər. Onların qənaətinə görə, Hörmüz boğazı nə qədər uzun müddət bağlı qalarsa, neft hasilatının bərpası bir o qədər ləng və çətin olacaq.