BAKI, 8 aprel. TELEQRAF

Yaxın Şərq səmasında ABŞ-yə məxsus təxminən 10 yanacaqdaşıyan təyyarə qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a regionun aviadispetçer dairələrindən mənbə məlumat verib.

Məlumata görə, hazırda ABŞ-nin havada yanacaq doldurma funksiyasına malik nəqliyyat təyyarələrinin uçuşları müşahidə olunur. Söhbət əsasən “Boeing KC-135R Stratotanker” və “Boeing KC-46A Pegasus” tipli təyyarələrdən gedir.

Bildirilir ki, bu təyyarələrin böyük hissəsi Təl-Əvivdən havaya qalxıb.

Mənbə qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda bu cür aktivlik “standart” xarakter daşıyır.

Bundan əlavə, dispetçerlərin məlumatına görə, səma üzərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing P-8 Poseidon” tipli sualtı qayıqlara qarşı təyyarə və “Boeing C-17 Globemaster” nəqliyyat təyyarəsi də qeydə alınıb.