BAKI, 31 mart. TELEQRAF

"ABŞ-İran danışıqlarında irəliləyişlər var. Onlar realdır. Danışıqlar davam edir. İrəliləyiş əldə edilib. Biz bunu qiymətləndiririk”.

Teleqraf xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset mətbuat konfransında qeyd edib.

Heqset ABŞ-ın İrana qarşı hərbi əməliyyatının dəqiq nə vaxt başa çatacağını açıqlamayıb. O, qərarı ABŞ Prezidenti Donald Trampın verəcəyini bildirib. "Trampın qeyd etdiyi kimi, bu, dörd-altı, altı-səkkiz həftə də ola bilər, üç həftə də. İstənilən konkret vaxt ola bilər. Amma biz bunu heç vaxt açıqlamayacağıq. Əməliyyatın məqsədlərinə nə vaxt çatdığını yalnız prezident elan edə bilər", - nazir deyib.

Müdafiə naziri əlavə edib ki, ABŞ İranla razılaşma əldə etməyə üstünlük verir: "İlk prioritet razılaşmadır. Mümkünsə, bu razılaşmaya nail olmaq istəyirik. Əgər mümkün deyilsə, onda hərbi əməliyyatları davam etdirməyə hazırıq. ABŞ-nin İrana qarşı gələcək hərəkət planları bir növ hərbi əlifbadır: düşmənə nə etməyə hazır olduğunuzu və ya nə etməyə hazır olmadığınızı deməyin və düşmənə nə vaxt bitirməyə hazır olduğunuzu deməyin”.